Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını açıqlayıb. Onun sözlərinə görə, əlaqə görüş ərəfəsində baş tutub.
Qeyd edək ki, Donald Tramp və Volodimir Zelenski arasında görüş Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında keçiriləcək. Görüşə mətbuat nümayəndələrinin də dəvət olunduğu bildirilir.
Məlumata görə, Volodimir Zelenski Tramp ilə görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə də telefon danışığı aparıb.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, bu hal siyasi siqnal kimi qiymətləndirilə bilər:
“Zelenski və Donald Tramp arasında baş tutan son görüş ABŞ-nin Ukrayna–Rusiya münaqişəsində rolu və gələcək mövqeyi baxımından mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Trampın bu prossesdə aktiv rol alması Vaşinqtonun münaqişədə yalnız hərbi dəstək verən tərəf yox, eyni zamanda potensial vasitəçi kimi çıxış etmək niyyətini bir daha nümayiş etdirir.
ABŞ-nin mövqeyi baxımından görüşün əsas əhəmiyyəti ondan ibarətdir ki, Vaşinqtonun Ukraynaya dəstəyi artıq “müharibəni davam etdirmək” və “sülh üçün danışıqlar aparmaq” arasında balans axtarışı mərhələsinə daxil olur. Trampın ritorikasında sülhə daha tez nail olunması ideyasının önə çəkilməsi ABŞ-nin gələcəkdə daha praqmatik, hətta kompromislərə açıq mövqe tuta biləcəyini ehtimal etdirir. Bu isə Ukrayna üçün həm imkanlar, həm də risklər yaradır: bir tərəfdən müharibənin dayandırılması perspektivi güclənir, digər tərəfdən Kiyev üçün arzuolunmaz güzəştlər gündəmə gələ bilər.
Görüşün regiondakı güc balansına təsirinə gəldikdə isə, burada əsas dəyişən Rusiya faktorudur. Moskva üçün bu cür təmaslar Kremlin danışıqlar masasında öz mövqeyini gücləndirmək cəhdlərini stimullaşdıra bilər. Eyni zamanda Avropa ölkələri də bu görüşü diqqətlə izləyir, çünki ABŞ-nin Ukrayna siyasətində mümkün dəyişikliklər Avropanın təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir. Əgər Vaşinqtonun dəstəyi zəifləyərsə, bu, Avropa üçün əlavə siyasi və hərbi məsuliyyət demək olacaq.
Bu tip danışıqların gələcək sülh prosesinə təsirinə gəldikdəsə, bu, ikili xarakter daşıyır. Müsbət tərəfdən, yüksək səviyyəli siyasi dialoq müharibənin yalnız hərbi yolla həll olunmadığını göstərir və diplomatik kanalların açıq qalmasına şərait yaradır. Bu, xüsusilə uzunmüddətli münaqişələrdə vacib psixoloji və siyasi faktordur. Digər tərəfdən isə, erkən və zəif koordinasiya olunmuş sülh təşəbbüsləri cəbhədə vəziyyəti daha da gərginləşdirə bilər. Tərəflərdən biri danışıqları öz xeyrinə vaxt udmaq və ya mövqelərini möhkəmləndirmək üçün istifadə edə bilər.
Nəticə etibarilə, Zelenski–Tramp görüşü hələlik münaqişənin taleyini dəyişən hadisə deyil, lakin ABŞ-nin Ukrayna–Rusiya müharibəsinə yanaşmasında mümkün dönüş nöqtəsinin konturlarını göstərən mühüm siyasi siqnaldır. Bu prosesin real sülhə gətirib çıxarması isə yalnız ABŞ və Ukraynanın deyil, Rusiyanın, eləcə də Avropanın mövqelərindən asılı olacaq”.
Aydan Əsgərxanlı
