Tramp Zelenskinin ABŞ-nin Ukrayna planını oxumamasından məyus olub
O qeyd edib ki, Ukrayna rəhbəri Volodimir Zelenskinin ABŞ Administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı sülh razılaşması layihəsini hələ də oxumamasına təəssüflənir. "Deməliyəm ki, Zelenskinin bizim təklifləri hələ də oxumamasından məyusam", - deyə vurğulayıb.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Donald Trampın Zelenskidən narazılığının əsas səbəbi onun təqdim etdiyi sülh planına qarşı Kiyevin açıq şəkildə ehtiyatlı və zaman qazanan mövqe tutmasıdır:
“Tramp administrasiyası hesab edir ki, plan müharibəni dayandırmaq üçün “realist kompromislər” təqdim edir və Ukraynanın hazırkı hərbi-siyasi vəziyyəti bunu qaçılmaz edir. Zelenskinin sənədi oxumaması ilə bağlı deyilən narazılıq əslində ABŞ-nin yeni kursunun - daha məhdud, daha praqmatik və daha tez nəticə yönümlü yanaşmanın - Kiyev tərəfindən qəbul edilməməsindən irəli gəlir. Ukraynanın planı gecikdirməsi həm daxili siyasi amillərlə, həm də Qərbdə mövcud dəstəyin tam çəkilməsinin qarşısını almaq cəhdləri ilə bağlıdır. Bu səbəbdən yaxın perspektivdə Kiyevin mövqeyində kəskin dəyişiklik gözlənilmir, lakin hərbi vəziyyət ağırlaşdıqca planı müzakirə etməyə məcbur qalması istisna edilmir. Trampın açıqlaması beynəlxalq ictimaiyyətdə iki istiqamətli reaksiya doğuracaq bir tərəf bunu Ukraynanı “məcburi kompromisə sürükləmək” kimi görəcək, digər tərəf isə ABŞ-nin qlobal liderlik rolunun daha sərt şəkildə yenidən müəyyənləşdirilməsi kimi dəyərləndirəcək. Vaşinqtonun Ukrayna siyasətində baş verən bu dəyişiklik transatlantik birlik üçün də yeni çağırışlar yaradır, çünki Avropa artıq daha çox məsuliyyət daşımalı, ABŞ isə münaqişənin maliyyətini azaltmaq üçün siyasi təzyiqləri artırmalı olur. Bu kontekstdə Trampın Zelenskiyə üzü açıq mesaj verməsi həm Ukraynanın diplomatik manevr imkanlarını daraldır, həm də Qərbin müharibəyə baxışında yeni mərhələnin başlandığını göstərir”.
Səadət Əlizadə