Trampdan İsrailə xəbərdarlıq: Bu ərazini işğal etsəniz...
“İsrail hökumətinə İordan çayının qərb sahilini ilhaq etməməsi barədə ultimatum verdim”- ABŞ Prezidenti Donald Tramp “Tayms” nəşrinə müsahibəsində deyib.
“Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Bizim böyük ərəb dəstəyimiz var idi. Əgər bu baş verərsə, İsrail ABŞ-dən bütün dəstəyi itirəcək”,- Tramp bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib ki, burada Trampın əsas məqsədi atəşkəsin pozulmamasına nail olmaqdır:
“Tramp təminat verib ki, İsrail İordan çayının qərb sahillərini işğal etməyəcək və bu barədə də açıqlama verib. Bilirik ki, Qəzzada sülh müqaviləsi bağlanmayıb. Atəşkəs əldə olunub. Hələ sülh yoxdur. Orada sülhün olması üçün iki dövlət prinsipi həyata keçməlidir. Fələstin dövləti də yaradılmalıdır. Ondan sonra sülhdən danışmaq olar. Bilirsiniz ki, bu sülh müqaviləsi iyirmi bənddən ibarətdir. Onun yalnız birinci bəndi həyata keçirilib. Dövlət katibi Marko Rubio İsraildədir və növbəti bəndlərin həyata keçirilməsi üçün müzakirələr aparılır. Hətta bəndlərdən biri də beynəlxalq qüvvələrin yerləşdirilməsidir ki, hələ onun da tam mexanizmini tapa bilməyiblər. Rubionun dediyinə görə, bu ancaq BMT statusu səviyyəsində olacaq. Yəni Tramp çox gözəl bilir ki, İsrail ilə Fələstin arasında dəfələrlə belə atəşkəs haqqında müqavilə imzalanıb. Təxminən bir il bundan qabaq Bayden hakimiyyəti dövründə də belə atəşkəs haqqında müqavilə bağlanıb. Amma sonradan pozulub. Yəni bu atəşkəsin pozulma ehtimalı var. Bu pozulma ehtimalına görə də Tramp xəbərdarlıq edir ki, Netanyahu hər an bunu poza bilər. Çünki Netanyahunun orada müharibə vəziyyəti hakimiyyətinin uzadılması deməkdir. Ona görə əvvəldən xəbərdarlıq edir ki, bu “kövrək” atəşkəs pozulmasın”.
Ekspert qeyd edib ki, Tramp ərəb ölkələrinin münasibətinin ABŞ-yə qarşı dəyişməməsini istəyir:
“Təbii ki, İsrail çalışacaq ki, öz tərəfindən hələlik atəşkəs pozulmasın. Çünki İsrailin müdafiəçisi onun tam arxasındadır, Amerika Birləşmiş Ştatlarıdır. Əgər ABŞ bundan imtina edərsə, İsrail üçün və Netanyahu üçün problemlər yaxana bilər. Buna görə İsrail də çalışacaq ki, bu prinsipə riayət etsin. Amma eyni zamanda gözləyəcək ki, hər hansı bir təxribat törədilərsə, bunu HƏMAS-ın üzərinə yıxıb, atəşkəsi pozsun. İsrail qəti fikirdədir ki, İordan çayının qərb sahillərini öz nəzarətinə götürsün. Tramp da bunu bilir. Amma hələlik bu addımları atmaq istəmir. Amerikanın qəzəbindən qorxur. Təbii ki, Trampın marağındadır ki, Ərəb ölkələri ilə münasibətləri yaxşı olsun. Hətta Ərəb ölkələrinin çoxunu Avraam sazişinə dəvət edir. Avraam sazişinin üzvlərini çoxaltmaq istəyir. İlk olaraq, o görə ki, hamıya məlumdur ki, Tramp bütün problemlərdə birinci axtardığı iqtisadi əsas maraqları nəzərə alır. Ərəb ölkələrinin Amerika iqtisadiyyatına böyük maliyyə yardımı var, böyük investisiya yardımı var və istəmir ki, bu investisiyaları itirsin. Eyni zamanda ərəb ölkələrinin böyük enerji resursları var. İstər neft, istər qaz olsun. Təbii ki, bunları nəzarətdə saxlamaq istəyir. Ona görə Tramp bu mövqedən çıxış edir ki, ərəb ölkələrinin münasibəti ABŞ-yə qarşı dəyişməsin. Tramp bilir ki, ərəb ölkələri yaxşı anlayır ki, bu günə qədər İsrailin arxasında Amerika dayanıb. Tramp hakimiyyəti dövründə, istər birinci dövr, istər ikinci dövr, İsrailə xüsusi simpatiya münasibəti olub. Netanyahu şəxsən Trampla dostdur. Bunu ərəb ölkələrinin liderləri bilir və ona görə də bu xəbərdarlığı edir ki, ərəb ölkələrinin Amerikaya olan münasibəti pisləşməsin, daha da yaxşılaşsın və iqtisadi maraqlarını təmin etsin”.
Lalə Qurbanlı
