Trampdan Los-Angeles hadisələrinə “sərt olacağıq” mesajı
ABŞ Prezidenti Donald Tramp, Los-Angelesdəki sərhəd etirazlarını yatırmaq üçün lazım olan hər şeyi edəcəklərini bildirərək, “Əgər ölkəmizə və vətəndaşlarımıza qarşı bir təhlükə görsək, qanun və asayişi təmin etmək məsələsində çox sərt davranarıq,” deyə bəyan edib.
Prezident Tramp, Nyu-Cersidə ona məxsus qolf kompleksindən Kemp-Devidə yola düşərkən hava limanında jurnalistlərin suallarını cavablandırıb və Los-Angelesdəki hadisələrlə bağlı açıqlama verib.
Tramp, Los-Angelesə artıq Milli Qvardiyanın göndərildiyini, lazım gələrsə daha çox qüvvənin də göndərilməyə hazır olduğunu vurğulayıb.
“Fikrimcə bu, bir üsyan idi və çox pis idi. Ölkəmizə və vətəndaşlarımıza qarşı bir təhlükə olarsa, qanun və asayişi təmin etmək üçün çox sərt tədbirlər görərik. Qanun və asayişin təmin olunduğuna əmin olmalıyıq,” – deyə o bildirib.
Kaliforniya ştatının və Los-Angeles şəhərinin Demokrat rəhbərliyini tənqid edən Tramp, bu cür hadisələrin davam etməsinə heç vaxt icazə verməyəcəklərini qeyd edib.
Xatırladaq ki, ABŞ-ın Los-Angeles şəhərində Göç və Gömrük Mühafizə İdarəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni miqrantlara dəstək məqsədilə keçirilən etiraz aksiyaları iki gündür davam edir. Tramp administrasiyası bu hadisələrə sərt reaksiya verib.
ICE əleyhinə keçirilən etirazlar zamanı çox sayda nümayişçi saxlanılıb, zaman-zaman etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
Prezident Tramp, Los-Angelesdə vəziyyəti nəzarət altına almaq üçün Milli Qvardiyanı əraziyə göndərdiyini və baş verən hadisələrə görə Demokrat rəhbərliyi məsuliyyətli hesab etdiyini açıqlayıb.
Mənbə: TRT HABER
Solmaz Muradova