Trampın açıqlamasına görə ABŞ-dən izahat gözləyirik
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ hələ də Donald Trampın nüvə sınaqları barədə açıqlamasına izahat verməyib. O qeyd edib ki, nə Rusiya, nə də Çin belə sınaqları bərpa etməyib. Tramp isə bu ölkələrin oxşar sınaqlar keçirdiyini iddia edərək ABŞ-də nüvə sınaqları əmri verib.
Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, Peskovun Rusiya və Çini “nüvə mələyi” kimi təqdim etməsi reallığı əks etdirmir:
“Donald Trampın nüvə sınaqları barədə açıqlaması onun Yaponiya və Cənubi Koreya səfərlərindən sonraya təsadüf edib. Tokio ilə Seul Rusiya, Çin və Şimali Koreyanın hücum ehtimallarından ehtiyat edir. Ağ Ev rəhbərinin Cənubi Koreyaya səfər etdiyi gün Şimali Koreya raket sınaqları, Rusiya isə yeni tipli “Burevestnik” raketlərinin sınağını keçirib. Çin də uzun illərdir nüvə arsenalını artırmaqla məşğuldur. Bütün bunlara rəğmən ABŞ bu günə qədərnüvə silahə məsələsində təmkinlik nümayiş etdirib. Lakin “Burevestnik” məsələsi gündəmə gələn kimi, ABŞ də nüvə sınaqları keçirmək qərarına gəlib və Tramp mövcud vəziyyətdə nüvə sınaqlarının keçirilməsini məqsədəuyğun hesab edib. Təsadüfi deyil ki, Tramp eyni zamanda, onu da əlavə edib ki, əslində nüvə sınaqları keçirilməsinin əleyhinədir. Buna görə də həmin addıma məcburiyyət qarşısında getdiklərini də bildirib. Amerika lideri “nüvə tərksilahını” görmək istədiyini bildirərək, bu məsələni Rusiya ilə müzakirə etdiklərini və nəticə əldə olunsa, Çinin də onlara qoşulacağını söyləyib. Bütün bunları nəzərə aldıqda Peskovun açıqlamasını “oğru elə bağırıb ki” prinsipi kimi qiymətləndirmək olar. Trampın son bəyanatı sadəcə ABŞ-nin daha əvvəl Rusiya və Çinin nüvə məsələsində atdığı addımlara qarşı güc nümayişidir. Amma düşünmək olmaz ki, bu açıq nüvə qarşıdurmasına gətirib çıxaracaq. Hər halda böyük dövlətlər də fərqindədir ki, nüvə silahından istifadə gələcəkdə bütövlükdə dünyanı məhv edə bilər”.
Mələk Hüseynova
