Trampın Asiya turu başlayır
ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir. Bunu Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara jurnalistlər üçün keçirdiyi növbəti mətbuat konfransında bildirib.
Mövzu ilə bağlı "İnformator.az" saytına açıqlamasında politoloq Fikrət bəy bildirib ki, ABŞ və Yaponiya II Dünya Müharibəsində düşmən olsalar da, bu gün strateji müttəfiq kimi çıxış edirlər:
"ABŞ–Yaponiya münasibətləri çox gərgin məsələlər yaşayıb. II Dünya Müharibəsi zamanı düşmən münasibətlərdə olan iki dövlət hal-hazırda müttəfiqdirlər. Təbii ki, müttəfiqlik də müəyyən geosiyasi maraqlarla bağlıdır. Xüsusilə Cənubi Asiya, Sakit Okean regionunda. ABŞ Yaponiyanı dəstəkləyərək başa düşür ki, bununla Çinə və Şimali Koreyaya müəyyən əks təsir göstərir və bu da həm Yaponiyanın, həm də Amerikanın maraqlarına cavab verir. İki dövlət arasında münasibətlər bir sıra istiqamətlərdə inkişaf edir. Burada həm iqtisadi, həm də strateji və hərbi məsələlər var. Çünki ABŞ vaxtilə Yaponiyaya tamqaf raketlərini verib. Trampın Yaponiyaya səfərindən sonra ola bilsin ki, Yaponiyaya yeni bir növ silahlar verilə bilər. Yaponiya da bunu çox yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ABŞ Prezidenti Trampın Yaponiyaya gəlməsi yeni seçilmiş Baş Nazirin dəvəti ilə həyata keçirilir. Ola bilər ki, ABŞ Yaponiya ilə yeni sazişlər imzalayacaq. Amerikanın Yaponiyanı dəstəkləməsi Çində və Şimali Koreyada müəyyən güc yarada bilər. Çünki onlar hesab edir ki, Yaponiya onlar üçün təhlükəli bir dövlətdir. Buradan da görünür ki, Çinin və Şimali Koreyanın silahlanma proseslərinə də öz təsirlərini göstərəcək. Çünki belə bir yaranmış şəraitdə, əgər Yaponiya ilə qarşıdurma vəziyyətindədirsə, onlar da silahlanmalıdırlar və o balansı saxlamaq üçün bu addımları həyata keçirəcəklər".
Ayan Eyvazova
