Trampın Budapeşt sammitini ləğv etmək qərarı...
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ Prezidenti Donald Trampın yeni mövqe dəyişikliyi və Budapeşt sammitini ləğv etmək qərarı Rusiyaya danışıqları nəzərə almadan Ukraynadakı bütün hədəfləri vurmağa imkan verir.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın məqsədi Ukraynanı tamamilə işğal etməkdir:
“Budapeştdə razılaşdırılan ABŞ-Rusiya liderlərinin görüşü Trampın bəyanatı ilə ləğv edilib. Yəni Tramp bu görüşün də bir nəticə verməyəcəyini deyərək görüşü ləğv edib və gələcəkdə görüşəcəklərini bildirib. Tramp hələ seçkilərdən əvvəl Rusiyaya çağırış edib ki, müharibə dayansın və seçkilərdən sonra səkkiz aydır hər gün Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün səy göstərir, ancaq buna nail ola bilmir. Putinlə Tramp arasında doqquz dəfə telefon danışığı olub. Bir dəfə Alyaskada görüşüblər və bütün bu görüşlərdən və telefon danışıqlarından sonra həmişə Rusiya Ukraynaya daha ağır raket zərbələri, dron zərbələri endirir. Onların enerji sektorunu dağıdır və neçə-neçə insanın ölümünə səbəb olur. Artıq Tramp dəfələrlə bildirib ki, biz danışırıq, müharibə dayansın, sülh əldə olsun, əksinə Putin göstəriş verir ki, daha artıq zərbələr endirilsin. Bu görüşə də hazırlıqla bağlı Rusiyanın Xarici İşlər naziri Lavrov ABŞ-nin dövlət katibi Rubio ilə telefon danışığı aparıb və hələlik hazır olmadıqlarını bildiriblər. Yəni Rusiya açıq-aşkar bildirir ki, biz öz məqsədlərimizə çatmalıyıq. Məqsədləro də odur ki, Ukraynanı işğal etsinlər, Ukraynanın demokratik rəhbərliyini qovsunlar və yerinə də Rusiya yönümlü siyasətçiləri hakimiyyətə gətirsinlər. Bu isə bugünkü reallıqda alınan deyil. Yəni Rusiyanın bu planı heç cürə baş tutmayacaq. Çünki bunu həm Ukrayna xalqı istəmir, həm Ukrayna rəhbəri istəmir, həm Avropa istəmir, həm Amerika istəmir. Tramp da nə qədər Rusiya ilə gərginlik yaratmamaq üçün sülhə doğru getmək istəyib, Putini sülhə dəvət edib, müharibəni dayandırmağa çağırıb. Hətta ürək ağrısı ilə bildirib ki, hər həftə altı-yeddi min gənc ölür və bunun qarşısını almaq lazımdır. Ancaq Putin isə müharibəni dayandırmır, daha da gərginləşir, daha çox Ukrayna ərazisi işğal etməyə çalışır. Avropa liderləri də Trampı inandırmağa çalışırlar ki, Rusiya dayanan deyil. Ukraynanı işğal etdikdən sonra da Avropa ölkələrini işğal etməyə çalışacaq. Zelenski ilə görüşdən bir gün qabaq mətbuatdan da məlumat verilib ki, Zelenski tomaqavk qanadlı raketlərin alınması üçün ABŞ-yə gedir və Tramp buna razılıq verəcək. Elə həmin görüşdən bir gün qabaq Putin Trampa telefon açır və onunla iki saat yarım danışır. Tomaqavk qanadlı raketlərinin verilməsinin çox ağır nəticələri olacaq deyə Trampı inandırır. Səhəri gün Zelenski ilə Tramp görüşən zaman Tramp o silahları verməyəcəklərini söyləyir. Çünki hələlik o silahlar özümüzə lazımdır deyə bildirir. Bundan sonra NATO-nun baş katibi Mark Rutte Vaşinqtona gedir, Trampla görüşür və hesab edirəm, artıq Trampı inandırır ki, Budapeşt görüşündə heç nə əldə etmək olmayacaq. Çünki Rusiya öz planını bildirir. Rubio ilə danışanda Lavrov bildirib ki, öz məqsədlərinə çatmamış müharibə dayanmayacaq. Yəni onlar Ukraynanı tam işğal etməmiş müharibə dayanmayacaq. Ona görə Tramp bu görüşü ləğv edib və düşünürəm ki, bundan sonra da o artıq Avropa liderləri kimi Ukraynaya dəstək göstərəcək. Hətta Tomaqavk qanadlı raketlərinin də Ukraynaya verilməsinə razı olacaqlar”.
Ekspert qeyd edib ki, Avropa ölkələri və Amerikanın Ukraynaya daha böyük dəstək göstərəcəyi gözlənilir:
“Biz bilirik ki, Tramp prezident olmaqla yanaşı, həm də biznesmendir. O, həmin raketləri NATO üzvü olan Avropa ölkələrinə satacaq. Onlar isə Ukraynaya verəcəklər. Gələcəkdə, ola bilsin, Putin çıxış edərək bildirər ki, hər şey danışıqlar yolu ilə həll edilməlidir. Vəziyyəti gərginləşdirmək indiki dövrdə yaxşı deyil. Necə yəni bütün dünya sənin Ukraynaya qarşı apardığın təcavüzkar siyasəti pisləyir, müharibəni dayandırmağı səndən tələb edirlər, xahiş edirlər. Ancaq sən isə heç nəyə baxmırsan və şəhərləri, kəndləri dağıdırsan, əhalini məhv edirsən, öz əsgərlərin də ölür. Milyondan artıq Rusiya əsgəri həlak olub, ya da yaralanıb. Bütün bunların müqabilində dayanmır. Hesab edirəm ki, indiki dövrdə vəziyyət daha da gərginləşəcək. Avropa ölkələri, o cümlədən Amerika Ukraynaya daha böyük dəstək göstərəcəklər, hərbi sursat verəcəklər. Artıq Ukraynanın da özünün qanadlı raketləri hazırdır, istehsal edirlər. Onlardan istifadə edəcəklər. Yəni Ukrayna öz ərazilərini işğaldan azad etmək üçün lazımi tədbirlər görəcək və gələcəkdə Rusiya döyüş meydanında zəiflədiyini görəndə, uduzduğunu görəndə, bir daha Trampa müraciət edəcəklər ki, gəlin, müharibəni dayandıraq”.
Lalə Qurbanlı
