Trampın “daimi fasilə” planı
Donald Tramp “üçüncü dünya ölkələri”ndən ABŞ-yə miqrasiyanı daimi olaraq dayandırmaq niyyətini açıqlayıb. Bu addım yalnız ABŞ-nin daxili siyasətində deyil, həm də qlobal miqrasiya, sığınacaq və humanitar sahələrdə ciddi nəticələrə səbəb ola biləcək geosiyasi dönüş kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın miqrasiya siyasəti yeni deyil və onun prezidentlik dönəmlərinin əsas prioritetlərindən biri olub:
“Tramp başından bəri miqrasiyaya qarşı sərt mövqedə olub və bunu hər dəfə açıq şəkildə bəyan edib. Hətta Meksika ilə sərhədə divar çəkilməsini planlaşdırıb. O, bütün vasitələrlə ABŞ-yə kütləvi miqrant axınının qarşısını almağa çalışıb. İlk prezidentlik dönəmində 7 müsəlman ölkəsindən gələn miqrasiyanı qadağan edib. Eyni zamanda, kasıb və inkişaf etməkdə olan ölkələrdən gələn immiqrantlara məhdudiyyətlər qoyub. Beyin köçünü məhdudlaşdırmaq üçün lazımi vizaların qiymətini artırıb. ABŞ yalnız yüksək ixtisaslı, varlı və elmi potensiala malik insanların gəlməsini istəyib və əsasən birinci dünya ölkələrindən gələnləri prioritetləşdirib”.
Politoloq vurğulayıb ki, Trampın məqsədi ABŞ-ni milli baxımdan güclü və “millətçi” imicdə göstərmək olub:
“Avropalı ölkələr miqrasiyanı sərtləşdirmirlər, ABŞ isə fərqli irq və dini mənsubiyyətdən olan insanların gəlməsini istəmir. Bu siyasət iqtisadi və siyasi təsir baxımından böyük nəticə verməsə də, ölkəyə gələn insanların sayını azalda və beyin köçünü zəiflədə bilər. Miqrant qəbulunda bundan sonra limitlər tətbiq oluna bilər. Tramp administrasiyasının sərt mövqeyi ABŞ cəmiyyətində artıq kifayət qədər qütbləşməyə səbəb olub. ABŞ cəmiyyəti artıq qütbləşib və qütblərarası gərginlik pik nöqtəyə çatıb. Miqrant icmaları Tramp administrasiyasının digər dini və etnik qruplara münasibətdə sərt yanaşmalarını müşahidə edirlər".
Fatimə Hüseynli
