Trampın gömrük rüsumları turizmə zərbə vurub: ABŞ-a gələn turist sayı azalır
ABŞ-nin prezidenti Donald Trampın tətbiq etdiyi sərt gömrük rüsumlarından ən çox təsirlənən ölkələrdən gələn turistlər, Amerikaya səyahət planlarını ləğv edirlər. Otel rezervasiya platforması Trivago-nun məlumatına görə, Yaponiya, Kanada, Meksika və Almaniyadan ABŞ-yə edilən rezervasiyalarda nəzərəçarpacaq dərəcədə azalma var.
Yaponiya, Kanada və Meksikadan ABŞ-yə edilən rezervasiyalar iki rəqəmli faizlə azalıb.
Trampın 1 fevralda elan etdiyi 25%-lik idxal vergiləri xüsusilə Kanada və Meksikanı hədəf almışdı. Kanadada isə Trampın bu ölkənin tez-tez ABŞ-nin “51-ci ştatı olmalı” olduğunu deməsi böyük narazılıq doğurmuşdu.
Almaniyadan edilən rezervasiyalarda isə birrəqəmli azalma qeydə alınıb. Avropa Birliyinin ən böyük iqtisadiyyatı olan Almaniya, Trampın tez-tez yeni vergi təhdidlərinə məruz qalır. Ötən həftə Tramp Almaniyaya tətbiq etməyi planlaşdırdığı 50%-lik vergini “müvəqqəti dayandırdığını” açıqlamışdı.
“Tramp effekti” turizm sektorunu narahat edir.
ABŞ-nin 2,6 trilyon dollarlıq turizm sektoru, Trampın ticarət savaşının qlobal iqtisadiyyatda yaratdığı qeyri-müəyyənlik səbəbilə “Tramp effekti”ndən narahatdır. ABŞ Milli Səyahət və Turizm İdarəsinin məlumatına görə, 2025-ci ilin mart ayında ölkəyə gələn xarici ziyarətçi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% azalıb.
Expedia şirkətinə məxsus Trivago-nun məlumatları amerikalıların da səyahət xərclərini azaltdığını və daha aşağı ulduzlu, münasib qiymətli otellərə yönəldiklərini göstərir.
Britaniyalı turistlər ABŞ əvəzinə ölkə daxilində istirahət edir
Trampın ticarət siyasətindən ən az təsirlənən ölkələrdən biri olan Böyük Britaniyadan ABŞ-yə səyahətlərdə ciddi bir dəyişiklik müşahidə olunmasa da, ölkə daxilində turizm güclü artım göstərir. İyul-sentyabr dövrünə aid rezervasiyalar ötən illə müqayisədə 25% artıb.
Trivago-nun baş direktoru Yohannes Tomas deyib: “Qeyri-müəyyənlik dövrlərində insanlar evlərinə daha yaxın yerlərə üstünlük verirlər.” Britaniyada ən çox seçilən istiqamətlər arasında ilk sırada London gəlir, onu isə Edinburq, York, Blekpul və Mançester izləyir.
Mənbə: TRT HABER
Solmaz Muradova