Trampın nümayəndələri ilə görüşə hazırlaşırıq
Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində bildirib ki, Ukrayna nümayəndə heyəti Amerikada ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə görüşə hazırlaşır.
"Amerika komandası Moskvadan qayıtdıqdan və Vaşinqtonda müvafiq məsləhətləşmələrdən sonra Rüstəm Umerov, Andrey Qnatov və danışıqlar üçün lazım olan hər kəs Prezident Trampın nümayəndələri ilə danışıqlarını davam etdirəcək.
Hazırda hər şey kifayət qədər səmərəli şəkildə gedir- Cenevrə və Floridada keçirilən görüşlərdə Ukrayna dinlənildi. Bu, vacibdir. Ümid edirik ki, belə olacaq. Ləyaqətli sülh yalnız Ukraynanın maraqlarını nəzərə almaqla mümkündür",- deyə Zelenski bildirib.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, danışıqlar Ukraynanın maraqları üzərində qurularsa, regionda sabitlik üçün real imkan yarana bilər:
“Rusiya-Ukrayna müharibəsinin arxasında yerləşən Şərqi Avropa, Qara dəniz hövzəsi, NATO və AB regionunun siyasi balansı bu danışıqların nəticəsindən asılı olaraq əhəmiyyətli dəyişikliklərə məruz qala bilər. Tramp administrasiyasının sülh planı və son Cenevrə, Florida, Moskva görüşləri kontekstində bu proses həm müsbət, həm də riskli ssenarilər yarada bilər.
Əgər danışıqlar Ukraynanın maraqlarını prioritet götürərsə, regionda sabitlik yarana bilər. ABŞ-nin Rusiyaya qarşı təzyiqi və Avropa ilə həmrəyliyi müharibəni bitirmək üçün kifayət qədər güc yarada bilər. Bu, Rusiyanın təsirini azaldaraq, NATO-nun birliyini gücləndirər və nəticədə Ukraynanın suverenliyi təmin oluna bilər. Trampın təkliflərinə uyğun olaraq Ukraynadan ərazi güzəştləri və ya ordunun azaldılması tələbi regionda balansı Rusiyanın xeyrinə dəyişə bilər. Avropa ölkələri bunu özlərinin təhlükəsizliyinə təhdid və onun nəzərə alınmaması kimi qiymətləndirir. Rusiya bu vəziyyətdən qazana bilər. Nəticədə NATO birliyini zəiflədər və AB-ni danışıqlardan kənara qoya bilər. Beləliklə, Şərqi Avropada Rusiyanın təsiri artar, Ukrayna faktiki olaraq bölünər və AB-nin Şərq divarı qorxulu sipərə çevrilər”.
Ekspert qeyd edib ki, Ukrayna sülhün əldə edilməsi və qorunması prosesinə təhlükəsizlik zəmanətləri tələb edir:
“Zelenskinin “ləyaqətli sülh” anlayışı Ukraynanın suverenliyi və maraqlarını mərkəzə qoyan prinsipə əsaslanır. Burada sadəcə atəşkes deyil, uzunmüddətli təhlükəsizlik təmin edən saziş nəzərdə tutulur. Son Cenevrə və Florida danışıqlarında, eləcə də ABŞ planına dəyişikliklərdə buna doğru addım atıldığı hiss olunur. Atəşkəslə bağlı irəli sürülən planlar üzərində aparılan danışıqlar prosesinə istinadən Ukraynanın heç bir ərazini güzəştə getmək istəmədiyini demək mümkündür. Çünki Zelenski açıq şəkildə bəyan edib ki, onlar heç vaxt ərazilərin Rusiyaya verilməsinə razı olmayacaqlar. Ukrayna həm də sülhün əldə edilməsi və qorunması prosesinə təhlükəsizlik zəmanətləri tələb edir. Buraya NATO-ya qoşulma, ABŞ və Avropa ölkələrinin qarantiyaları, həmçinin Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq daxildir. ABŞ və AB-də dondurulmuş Rusiyaya məxsus aktivlərin Ukrayna üçün istifadəsi də Zelenskinin vurğuladığı “ləyaqətli sülh” anlayışına daxildir. O, Ukraynaya hərbi yardımların artırılmasını və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini vacib sayır. O cümlədən, Ukrayna ordusunun azaldılması təklifini rədd edir. Zelenski son müraciətində “dünya müharibənin bitmə ehtimalını hiss edir, lakin diplomatik fəaliyyət Rusiyaya təzyiqlə dəstəklənməlidir” deməklə, Ukraynanın danışıqlarla bağlı mövqeyini açıq şəkildə ifadə edib”.
Lalə Qurbanlı
