00:00:00
Yazar
Admin User
15.10.2025 18:36 124 2 dəq oxuma
Siyasət

Trampın “sülh prezidenti” obrazı - diplomatiya, yoxsa strateji maraqlar?

Trampın “sülh prezidenti” obrazı - diplomatiya, yoxsa strateji maraqlar?

 

ABŞ Dövlət Departamenti Prezident Donald Trampın səkkiz ay ərzində səkkiz fərqli müharibəyə son qoyduğunu açıqlayıb. Paylaşılan siyahıda Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə yanaşı, Asiya və Afrikanın bir sıra regionlarında əldə olunan razılaşmalar da yer alır. Departament Trampı “sülh prezidenti” adlandıraraq, onun diplomatik səylərinin qlobal sabitliyə ciddi töhfə verdiyini vurğulayıb.


Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın “sülh prezidenti” kimi təqdim olunmasının əsas səbəblərindən biri dünyada yeni nizamın hansı əsasla formalaşacağı ilə bağlıdır:

 

"Dünya qarşısında bir sual var - bu nizam müharibə əsaslı, yoxsa sülh əsaslı olacaq? Bu paradiqma artıq özünü doğruldur. Amerika cazibədar görünməyə çalışır, çünki dünya seçim qarşısındadır. Bu mənada ‘Amerika dəyərləri’ deyilən anlayış son 300 ildə idarəçilikdə ön plana çıxıb və ABŞ yenidən bu dəyərlərlə önə çıxmağa çalışır. Tramp da atdığı addımları məhz bu yanaşma ilə əsaslandırır. Trampın “sülh prezidenti” kimi təqdim olunmasının digər bir səbəbi onun beynəlxalq ictimaiyyət qarşısında formalaşan imici ilə bağlıdır. Burada əlbəttə ki, Nobel Sülh Mükafatına namizədlik məsələsi də ikinci planda deyil".

 

Politoloq qeyd edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bölgədə yaranan güc boşluğu ABŞ üçün yeni imkanlar açıb:

 

“Əslində, bu boşluğun ilkin mərhələsi Qarabağ müharibəsindən sonra İranın mövqelərinin zəifləməsi ilə başlamışdı. Regionun iki vacib aktoru – İran və Rusiya  zəiflədiyi bir zamanda, həm Türkiyə-Azərbaycan münasibətləri, həm də regional proseslər bu boşluğu daha da dərinləşdirib. Bu şəraitdə ABŞ-nin regionda aktivləşməsi onun maraqlarının təzahürü kimi qiymətləndirilə bilər. Avropa İttifaqı və Fransa müəyyən dövrlərdə bölgədə güclənməyə çalışsalar da, bu səylər davamlı xarakter daşımayıb. Buna görə də regionda ABŞ-nin rolu həm siyasi, həm də strateji baxımdan önəmli olaraq qalır".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər