Trampın sanksiya oyunu
ABŞ Prezidenti Donald Trampın sanksiyalarla bağlı yeni tələbləri Avropa İttifaqında ciddi fikir ayrılığı yaradıb. O, Rusiyaya qarşı sərt sanksiyaların yalnız bütün NATO ölkələri eyni addımı atacağı halda tətbiq olunacağını bildirib, eyni zamanda Çin mallarına yüksək gömrük rüsumlarının qoyulmasını tələb edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündə ABŞ və Avropa Birliyi arasındakı ziddiyyətlərin rolu böyükdür:
"Məhz bu ziddiyyətlər səbəbindən Rusiyaya qarşı təsirli təzyiqlər həyata keçirilmir və Moskva irəliləməyə davam edir. Avropa Birliyi Ukraynaya mümkün qədər dəstək göstərir, lakin ABŞ-nin bu məsələdə atdığı addımların, eləcə də aqressora təsirinin nəticəsi minimum olaraq qalır. Donald Trampın diqqət mərkəzində isə Rusiyadan daha çox Çin dayanır. O, əsas planlarını Çinə qarşı hazırlayır və bu prosesdə Rusiyanı müəyyən mənada öz tərəfinə çəkməyə çalışır. Çünki Çinlə Rusiyanın birgə hərəkəti Vaşinqtonun Pekinə qarşı məqsədlərinə nail olmasını çətinləşdirir. Bununla belə, müharibənin taleyini həll edəcək başqa normal yollar artıq tükənməkdədir. NATO üzvü olan dövlətlərin sanksiyalara qoşulmaqda tərəddüd etməsi müvəqqəti xarakter daşıyır və son məqamda onlar bu qərarı qəbul etməyə məcbur olacaqlar. ABŞ isə müharibədən istifadə edərək Avropa Birliyini öz hədəflərinə çatmaq üçün vasitəyə çevirmək və eyni zamanda Çinə qarşı mövqeyində Avropanı dəstəkçi qismində görmək istəyir.Bununla belə, Avropanın tam şəkildə ABŞ-dən asılı vəziyyətə düşməsi mümkün deyil. Müharibənin taleyini həll etmək üçün ABŞ-nin tələbləri aydındır. Alternativ isə nüvə silahından istifadədir ki, bu, daha təhlükəlidir. Rusiya artıq Polşaya qədər irəliləyib, Avropa ilə ABŞ isə hələ də mübahisə edir. Əgər Avropa Birliyi ABŞ-nin tələblərinə uyğun olaraq Çinlə bağlı mövqeyini sərtləşdirsə, bu, Rusiyaya qarşı daha ciddi və effektiv sanksiyaların tətbiqi demək olacaq. Belə bir addım müharibənin gedişində mühüm rol oynaya bilər. Hazırkı balans isə Rusiyanın xeyrinədir və faktiki olaraq Ukrayna məğlub duruma düşür. Ukraynanın məğlubiyyəti isə həm Avropanın, həm də ABŞ-nin uduzması deməkdir. Bu nəticə, Avropanın Çinlə əlaqələrini məhdudlaşdırmaqdan daha acı ola bilər. Ona görə də Avropa qarşısında çətin seçim dayanır. Unutmaq olmaz ki, Avropa Birliyinin Çinlə əlaqələri ABŞ ilə münasibətlər qədər sağlam deyil. Çindən asılılıq və Pekinin Rusiyanın müttəfiqi kimi davranışı Vaşinqtonu heç vaxt qane edə bilməz. Trampın tətbiq etdiyi sanksiyalar Avropa ilə ABŞ münasibətlərində müəyyən gərginlik yaratsa da, sonda ortaq qərar qəbul olunması qaçılmazdır. Əks halda, yaranmış ziddiyyətlərdən həm Rusiya, həm də Çin məharətlə istifadə edib üstünlük qazana bilər.Vaşinqtonun, xüsusilə də Prezident Trampın əsas hədəfi ABŞ iqtisadiyyatını super səviyyəyə çatdırmaqdır. Gömrük rüsumlarının artırılması, digərlərinin də buna təşviq, hətta təhrik olunması sırf ABŞ maraqları üçündür. Bu zaman müttəfiqlərin və ya iqtisadi tərəfdaş ölkələrin maraqları nəzərə alınmır. Məhz buna görə də Avropa ilə münasibətlərdə gərginliklər yaranır".
Qəmər Kazımzadə