“Trampın sərt mövqeyi Moskvanı güzəştə məcbur edə bilər”
"Rusiya-Ukrayna müharibəsi ilə bağlı Tramp-Putin görüşünün nəticəsiz qalması, Trampı bu istiqamətdə daha sərt addımlar atmağa məcbur etdi".
Bu fikirləri “İnformator.az”a açıqlamasında politoloq Vüqar Əhmədov bildirib.
Politoloqun sözlərinə görə, Tramp ABŞ Prezidenti seçildikdən sonra fəaliyyətində xüsusilə Rusiya-Ukrayna məsələsinə diqqət ayırıb:
“Tramp Ukrayna və Rusiyaya təzyiq göstərərək, ən azı atəşkəs əldə etməyə çalışdı. Ukraynaya və onun prezidentinə qarşı sərt mövqe nümayiş etdirməklə, niyyətinin ciddi olduğunu göstərdi və Rusiya Prezidenti Vladimir Putinin buna adekvat reaksiya verəcəyinə ümid etdi. Lakin Alaska görüşünün nəticəsiz qalması göstərdi ki, Putin müharibənin uzanmasında maraqlıdır. Bu isə o deməkdir ki, Tramp rəsmi Moskvaya qarşı daha sərt addımlar atacaq”,- politoloq qeyd edib.
Əhmədovun sözlərinə görə, hazırkı vəziyyət Qərb koalisiyasının Ukraynaya dəstəyini daha da gücləndirib:
“Hazırda ABŞ Rusiyaya qarşı sanksiyaları artırır. Rusiya isə cəbhədə ləng irəliləyir və istədiyinə tam nail ola bilmir. Bəzi əraziləri ələ keçirsə də, bu, Rusiya iqtisadiyyatı və hərbi qüvvələri üçün çox baha başa gəlir”.
Politoloq həmçinin Avropa İttifaqı ölkələrinin hərbi güclənməsini Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib:
“Bu gün Rusiya sərt bəyanatlar versə də, onun Ukrayna və bütün Qərblə uzun müddət qarşıdurmada qalmaq gücü yoxdur. Bunu Qərb də anlayır, buna görə də təzyiqlər artırılır. Müharibənin uzanması Trampın imicinə zərər gətirir, çünki o, seçki kampaniyasında müharibəyə son qoyacağına söz vermişdi. Putin isə Alaska görüşündən sonra prosesi uzadaraq ABŞ-dən müəyyən güzəştlər əldə etməyə çalışır. Bununla belə, Rusiya müharibə davam etdikcə ABŞ-la təmasları və danışıqları saxlamaq niyyətindədir. Bu, əslində hər iki tərəf üçün zəruridir. Münaqişənin sonu, böyük ehtimalla, ABŞ və Rusiya arasında əldə olunacaq razılaşma ilə müəyyən ediləcək”, - deyə Vüqar Əhmədov fikrini yekunlaşdırıb.
Aytən Əhmədova
