Trampla Çin lideri arasında görüş 2 saata yaxın davam edib
Cənubi Koreyanın Pusan şəhərində ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında 1 saat 40 dəqiqə davam edən danışıqlar yekunlaşıb.
Mövzu ilə bağlı olaraq siyasi şərhçi Həşim Səhrablı "İnformator.az" a açıqlamasında bildirib ki, görüşün uzun sürməsi onu göstərir ki, tərəflər arasında ciddi fikir ayrılıqları var və ortaq məxrəcə gəlməyə çalışıblar:
"Təbii ki, Tramp və Si Tszinpin arasında keçirilən görüşdə əsas müzakirə mövzusu ABŞ-Çin iqtisadi müharibəsinin dayandırılması üçün uyğun mühitin formalaşdırılması və tərəflərin bir-birindən gözləntilərinin dəqiqləşdirilməsi olub. İkinci səbəb isə Ukrayna böhranıdır, bu kontekstdə ABŞ və Çinin Rusiya siyasətinə yenidən baxması məsələsi ön plana çıxır. Çünki Ukrayna böhranını bitirmək üçün təzyiq göstərilməli yeganə tərəf Rusiyadır. Ukraynaya təzyiqin mənası yoxdur, çünki o, öz torpağını müdafiə edir. Bu baxımdan, Rusiyaya ciddi təzyiqlərin göstərilməsi lazımdır ki, sonda razılaşma əldə olunaraq müharibə dayandırılsın.
Digər müzakirə olunan məsələlər dünyada baş verən qlobal dəyişikliklər, qarşıdurmaların artması və regional rəqabətlərin necə nəticələnəcəyi ilə bağlıdır. ABŞ və Çinin bu məsələlərə yanaşması, bir-birinin maraqlarına toxunmadan necə davranacaqları və ya dünyanın təsir zonalarını necə bölüşəcəkləri də bu görüşdə müzakirə olunub. Bu səbəbdən də görüş uzun çəkib.Görüşün uzun sürməsi göstərir ki, tərəflər arasında ciddi fikir ayrılıqları var və ortaq məxrəc tapmaq çətinləşib. İqtisadi müharibə məsələsində hər iki ölkə bir-birinə qarşı ciddi iqtisadi zərbələr vurub. ABŞ lider mövqeyini qorumaq istəyir, Çin isə öz iqtisadi maraqlarını daha da genişləndirmək niyyətindədir. Eyni zamanda, Rusiya, Yaxın Şərq və xüsusilə Tayvan məsələsində də iki ölkə arasında ziddiyyətlər mövcuddur. Tayvan məsələsində Çin ABŞ-nin dəstəyini qəbul etmir və bu məsələdə ciddi qarşıdurma mövcuddur.Bu görüşün bütün ziddiyyətləri aradan qaldıracağını düşünmək real deyil. Bəlkə müəyyən tarif və vergi məsələlərində müvəqqəti razılıqlar əldə oluna bilər, amma bu uzunmüddətli olmayacaq. Əsas problemlər hələ də yerində qalır. Görüşdən sonra heç bir rəsmi açıqlama verilməməsi də göstərir ki, ya razılaşma əldə olunmayıb, ya da razılaşmalar hələ ictimaiyyətə açıqlanmağa hazır deyil.ABŞ-Çin qarşıdurması Asiya-Sakit Okean regionunda siyasi balansı artıq pozub. Əvvəllər Tayvan məsələsində Çin daha səbirli idisə, indi açıq tələblərlə çıxış edir. Digər tərəfdən, Yaponiya, Cənubi Koreya və Avstraliya kimi ölkələr ABŞ-lə hərbi əməkdaşlığı gücləndirməyə çalışır. Onlar hesab edir ki, bölgədə artan təhlükələr fonunda ABŞ kimi bir super gücün himayəsinə ehtiyac var. Bu da göstərir ki, bölgədə təhlükəsizlik və sabitlik məsələsi getdikcə daha da çətinləşir və yaxın gələcəkdə bu vəziyyətin dəyişəcəyinə dair ümidlər zəifdir".
Arzu Poladova
