TRIPP layihəsi: Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ
Son günlər Ermənistan və Azərbaycanın münasibətlərində yeni mərhələyə dair müzakirələr gündəmə gəlib. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Vaşinqtonda imzalanmış sənəddən danışıb və TRIPP layihəsinin detallarını açıqlayıb. O bildirib ki, sənəd Ermənistan və ABŞ arasında infrastruktur əməkdaşlığını nəzərdə tutsa da, layihənin Azərbaycana da bağlı olması vacibdir. Bu isə regionda kommunikasiyaların birləşdirilməsi və qarşılıqlı tanınma məsələlərini yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov "İnformator.az"a açıqlamasında bildirib ki, TRIPP layihəsi bölgədə yeni əməkdaşlığın əsasını qoyur:
"Zəngəzur dəhlizi 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycanın əsas şərtlərindən biri olub və bu kontekstdə Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı üçün mühüm iqtisadi komponent hesab olunur. Zəngəzur dəhlizinin açılması təkcə region üçün deyil, həm də digər qonşu ölkələr üçün vacib strateji əhəmiyyət daşıyır. Bu baxımdan layihənin həm regional, həm də qlobal miqyasda önəmi artır. Cənubi Qafqaz daim böyük güclərin maraq dairəsində olub və bu mübarizə bölgədə müxtəlif istiqamətlərdə ziddiyyətlərin yaranmasına səbəb olub. Məhz bu baxımdan Vaşinqton sazişi xüsusi əhəmiyyət kəsb edir, çünki sənəd təkcə Ermənistan və Azərbaycanın əməkdaşlığını deyil, eyni zamanda Zəngəzur dəhlizinin açılmasını, ATƏT-in Minsk qrupu ilə bağlı qurumun ləğvini və digər mühüm məsələləri də özündə ehtiva edir".
Politoloq vurğulayıb ki, ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanın şərtlərinin qəbul olunması mühüm dönüş nöqtəsi olub:
"Bu, yalnız Ermənistanla münasibətlərin normallaşmasına deyil, həm də regionda davamlı sülhün təmin olunmasına zəmin yaradır. Bundan sonra ikitərəfli əməkdaşlıq daha da inkişaf edəcək və TRIPP layihəsi regionda kommunikasiyaların açılmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və sülh prosesinə ciddi töhfə verəcək".
Sura Əliyeva