00:00:00
Yazar
Ayşən Səlimova
12.03.2026 19:43 19 2 dəq oxuma
Siyasət

Türkiyə Azərbaycana hərbi dəstəyə hazırdır - Metin Tokeldən mühüm mesaj

Türkiyə Azərbaycana hərbi dəstəyə hazırdır - Metin Tokeldən mühüm mesaj

Türkiyəli ordu generalı Metin Tokel bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib. O qeyd edib ki, iki qardaş ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsindədir və bu əməkdaşlıq tarixi Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənib. Generalın sözlərinə görə, sənədin müddəalarına uyğun olaraq Türkiyə regionda təhlükəsizliyin qorunması və sabitliyin gücləndirilməsi üçün Azərbaycana istənilən hərbi yardımı göstərməyə hazırdır. 

 

Mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, 2021-ci il, iyunun 15-də Türkiyə prezidenti R.T.Ərdoğanla Azərbaycan prezidenti İ.Əliyevin Şuşa şəhərində imzaladığı və həmin şəhərin adı ilə adlandırılan “Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında imzalanan ən yüksək və əhatəli müttəfiqlik sənədidir:

 

“Bu bəyannamədə bütün sahələrdə əməkdaşlıq nəzərdə tutulub və gələcək fəaliyyətin istiqamətləri də konkret öz əksini tapıb. “Şuşa Bəyannaməsi”nin şərtlərinə görə, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər vasitəsilə təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə təxirə salınmadan bütün zəruri tədbirlərin görülməsi aydın şəkildə təsbit edilib. Eyni zamanda beynəlxalq miqyasda və regional sabitlik, inkişafla bağlı da birgə səylər göstərilir. Burada həm də hərbi yardımlar, müdafiə və təhlükəsizlik qabiliyyətinin müntəzəm olaraq artırılması xüsusi olaraq vurğulanır. İrana ABŞ-İsrail koalisiyasının hücumundan sonra yaranmış qlobal durum, regional həssaslıq Bakı ilə Ankara arasında koordinasiyanı və atılacaq addımların uzlaşdırılmasını, həmçinin məsləhətləşmələrin intensivləşdirilməsini aktuallaşdırır. Türkiyə və Azərbaycana qarşı törədilən təxribatlar hər iki ölkənin daha diqqətli və təmkinli olmasını, bir-birilərinə dəstəyini vacib faktora çevirir. Aydındır ki, müharibənin miqyasının genişlənməsi və uzanması, dağıntıların artması qonşu dövlətlər olaraq Türkiyə və Azərbaycan üçün problemlər yarada bilər. Bu həm təhlükəsizlik, humanitar, həm də iqtisadi təsirdə özünü göstərər. Türkiyəli general Metin Tokelun narahatlığı anlaşılandır. Ancaq buna hələ ehtiyac yoxdur. Onsuz da Türkiyə Azərbaycan Ordusunun NATO standartlarına keçməsində, döyüş qabiliyyətinin daha da artırılmasın da, maddi-texniki bazasının müasirləşdirilməsin də və modernləşdirilməsin də Azərbaycana qardaş dəstəyini ifadə etməkdədir. Bu bəyanatın həm də, siyasi çəkisi təxribatçılara çəkindirici siqnaldır. Cənab Prezidentin çevik, operativ reaksiyası və sərgilədiyi mövqe Azərbaycanı təhlükələrdən uzaq tutur. Bakını hədəfə gətirmək istəyənlərin oyununu pozub. Ehtiyac duyularsa, təbii ki, tərəflər bəyannamə ilə üzərlərinə götürdükləri öhdəlikləri yüksək səviyyədə icra etmək iradəsinə malikdir”.

 

Cavahir Əsgərbəyli

#azərbaycana #hazırdır #yeni #dəstəyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər