"Türkiyəni savaşa çəkmək istəyirlər" - ŞƏRH
İrandan Türkiyənin hava məkanına doğru atılan ballistik raketin NATO-nun müdafiə sistemləri tərəfindən vurulmasından sonra rəsmi Ankara hərəkətə keçib.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İran tərəfi deyib ki, Türkiyəyə raket atmayıb:
“Belə bir zamanda Türkiyənin savaşın durması üçün səy göstərdiyi halda İranın bu ölkəyə qarşı raket atması ağlabatan görünmür. Ola bilsin, yanlışlıqla olub, yaxud daxildə təxribatçılar, xarici agentura şəbəkəsinin təsiri ilə baş verib. Mümkündür ki, bununla Türkiyəni savaşa çəkmək istəyirlər. Təbii ki, Türkiyə müdrik davranır. Belə bir mülahizə də var ki, İsrail İranın atdığı raket və dronların istiqamətini dəyişmək iqtidarındadır. Ancaq bu versiya ağlabatan deyil, çünki İsrailin belə bir texnologiyası olsaydı, elə İsrailə atılan raketlərin istiqamətini dəyişərdi. Bu hadisənin ciddi olub-olmadığı davamlı olub-olmamasından asılıdır. Əgər yenidən belə bir hal baş verərsə, təbii ki, münasibətlərə təsir göstərə bilər. Türkiyə-NATO əməkdaşlığı bu məsələdən sonra daha da sıxlaşacaq. Türkiyənin NATO üzvü olması yeni məsələ deyil və İran da bunu dərk edir. Həmçinin Türkiyənin regional əlaqələri çərçivəsində İranla müəyyən münasibətləri var. Hesab edirəm ki, bu vəziyyəti mürəkkəbləşdirmir. Təbii ki, hər şey İranın Türkiyəyə münasibətindən asılıdır. Türkiyənin səylərini dəyərləndirə bilsə, bu problemin həllində Ankara böyük rol oynaya bilər. Lakin müəyyən səbəblərdən Türkiyəyə qarşı yanlış mövqe sərgilənsə, müəyyən hücumlar baş versə, bu ölkə öz hüquqlarından istifadə edərək müdafiə haqqını özündə saxlayacaq”.
Aytac İbrahimova
