00:00:00
Yazar
Aysel Mirzəyeva
13.03.2026 21:02 120 3 dəq oxuma
Siyasət

“Türkiyə və Azərbaycanı bu savaşa cəlb etmək istəyənlər var”-ŞƏRH

“Türkiyə və Azərbaycanı bu savaşa cəlb etmək istəyənlər var”-ŞƏRH

İranın yeni ali dini lideri Ayətullah Müctəba Xameneinin Hörmüz boğazını bağlı saxlamaq zərurəti ilə bağlı açıqlamalarından sonra düşmənə daha güclü zərbələr endiriləcəyi bildirilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, görünür, İsrail ABŞ-ni qısa müddətdə İran rejimini devirməyin mümkün olacağına inandırıb:

 

“Lakin hadisələrin gedişi bunun əksini göstərib. Ali dini liderin öldürülməsi bir müddət əvvəl etirazlara qalxmış xalqın rejim ətrafında birləşməsinə səbəb oldu. Nəticədə İran hakimiyyəti daha da cürətləndi və körfəz ölkələrinə qarşı hücumları artırdı. Yeni lider də sabiq lider kimi, hətta ondan daha sərt bəyanatlar verir. Buradan aydın olur ki, sistem dəyişmirsə, təkcə liderin dəyişməsi problemi həll etmir. Yaxud həmin sistem daxilində ABŞ və İsraillə razılığa gələcək bir rəhbərin gətirilməsi də demək olar ki, mümkün deyil. Eyni zamanda səlahiyyətlərin prezidentə verilməsi də indiki şəraitdə real görünmür. Çünki dövlətin əsas idarəetməsi dini şuranın və SEPAH-ın əlindədir. Region ölkələri isə mümkün qədər münaqişəyə qoşulmamağa çalışır və neytral mövqe tuturlar. Lakin baş verən hadisələr göstərir ki, əsasən Türkiyə və Azərbaycanı bu münaqişəyə cəlb etmək istəyən qüvvələr var. Naxçıvana atılan sursatla yanaşı, Türkiyəyə qarşı artıq üçüncü dəfə baş verən raket hücumu bu cəhdlərin ciddiliyini göstərir. İranda hakimiyyət bir mərkəzdən idarə olunmur. Müxtəlif xarici ölkələrin kəşfiyyat dairələri bu ölkədə demək olar ki, geniş fəaliyyət göstərir. Prezident komandası demək olar ki, and içir ki, Türkiyə və Azərbaycana zərbələri onlar endirməyib. Lakin rejimin radikal qanadı isə dolayı yolla bunu etiraf edən davranışlar nümayiş etdirir”.

 

Şərhçi qeyd edib ki, eyni zamanda İsrailin Türkiyəni İrana qarşı təhrik etməyə çalışdığı da məlumdur:

 

“Odur ki, İran ərazisində yerləşən Mossad agentlərinin təsiri ilə də bu hücumların baş verməsi mümkündür. Hər halda daxildə Türkiyəni müharibəyə çəkmək istəyən qüvvələrin mövcudluğu açıq hiss olunur. Ermənistana deyil, məhz Azərbaycan və Türkiyəyə raket və dronların atılması bir çox məqamları aydın göstərir. İran ABŞ-nin marağında olan Zəngəzur dəhlizinə təhlükə yaratmaq üçün region ölkələrinə qarşı təxribat xarakterli addımlar ata bilər. Eyni zamanda İsrail də İrandan sonra özü üçün təhlükə hesab etdiyi Türkiyəni münaqişəyə cəlb etməyə çalışa bilər. Hazırda NATO-nun müdafiə resurslarından istifadə etməklə İrandan atılan raketlərdən qorunan Türkiyə təmkinli davranmağa davam edir. Lakin bu vəziyyət sonsuz davam edə bilməz. Xameneinin sərt və qəti bəyanatları ABŞ və İsrailə, eləcə də körfəz ölkələrinə qarşı hücumların intensivləşməsinə səbəb ola bilər. İran həm də region ölkələrinin ABŞ və İsrailə dəstək verə biləcəyindən ehtiyat edir. Lakin təhdid və hücum ritorikası ilə qonşu ölkələrə təsir göstərmək cəhdləri İranın öz əleyhinə işləyə bilər. Digər tərəfdən, İran Türkiyədə müəyyən şəbəkələr formalaşdırıb və məzhəb amili üzərindən ictimai rəyə təsir etməyə çalışan qruplar mövcuddur. Tarixdə də buna bənzər hallar olub. Məsələn, Səfəvilər dövründə Osmanlı hakimiyyətinə qarşı Şahqulu üsyanı baş verdi və Səfəvilər Osmanlıya qarşı Türkiyədəki Ələviləri və qızılbaşları hakimiyyətə qarşı qaldırdılar. Bu gün də oxşar metodların tətbiqi ehtimalı istisna edilmir. İsrail və İranın özləri istəməsə belə, müəyyən məqamlarda oxşar hədəfləri var. Çünki hər iki tərəf Türkiyə hakimiyyətinə qarşı sərt mövqedədir. Bu baxımdan Türkiyəni münaqişəyə çəkmək cəhdləri davam edə bilər. Xameneinin sərt açıqlamaları İran rejiminin hücum ritorikasını daha da gücləndirə bilər. Əgər İsrailin təhriki ilə ABŞ-nin başladığı bu müharibə bu formada davam edərsə, proses uzun müddət davam edə bilər”.


Aytac İbrahimova

#baki #yeni #savaşa #istəyənlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər