Uitkoff İsrail və Qətər arasında gizli görüş təşkil edib
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Nyu Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş keçirəcək, bu barədə "Axios" portalı iki mənbəyə istinadən məlumat yayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, İsrailin mövcud siyasəti sülh istəyi ilə uzlaşmır:
"Qətər və digər ərəb ölkələri ilə aparılan gizli və ya açıq danışıqların əsas məqsədi Qəzzanın dərhal, bütövlükdə Fələstinin isə mərhələli şəkildə ələ keçirilməsi üçün müəyyən razılaşmalar əldə etməkdən ibarətdir. HƏMAS-ın silahsızlaşdırılması da əslində Qəzza əhalisinin qalan hissəsinin daha sürətli şəkildə məhv edilməsinə xidmət edən addım kimi görünür. Qətər ilə İsrailin xüsusi xidmət orqanı rəhbərlərinin gizli görüşü bu “sülh prosesi” adlandırılan məsələni yenidən dalana sala bilər. İsrail, Fələstin üçün səy göstərən bütün ərəb ölkələrini müxtəlif yollarla neytrallaşdırmağa çalışır. HƏMAS liderlərinin bir qisminin Qətərdə olması və digər məsələlərlə bağlı İsrail daha geniş kəşfiyyat məlumatları əldə etməyə can atır. Bu görüşün də əsas məqsədlərindən biri həmin məlumatları daha rahat əldə etməkdir. Əgər həqiqətən sülhdən söhbət gedirsə, aparılan danışıqlar da sülhə xidmət etməlidir. Bu cür gizli görüşlər və siyasi alverlər davam edərsə, HƏMAS-ın silahı yerə qoymağı İsrailə aldanmaq kimi qiymətləndirməsinə əsas yaranacaq. Əgər İsrailin qəti niyyəti bütöv Fələstini işğal edib əhalini ya məhv etmək, ya da sürgün etməkdirsə, bu danışıqların sülhə gətirəcəyinə inanmaq sadəlövhlük olardı. Bu məsələdə ən obyektiv mövqeyi Türkiyə nümayiş etdirir. ABŞ isə daha çox İsrailin tərəfində dursa da, Türkiyənin təsiri nəticəsində bəzən daha obyektiv mövqe sərgiləməyə məcbur olur. Yaxın Şərqdə sülhün bərpası üçün ABŞ-nin ciddi, balanslı və qərəzsiz mövqeyi həlledici əhəmiyyət daşıyır".
Qəmər Kazımzadə
