Ukrayna ABŞ silahları ilə Rusiyanı vurmayıb
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna heç vaxt Rusiya ərazisini Amerika istehsalı silahlarla vurmayıb. Dövlət başçısının sözlərinə görə, Kiyev bu məsələdə beynəlxalq tərəfdaşlarının şərtlərinə və razılaşmalara ciddi şəkildə riayət edir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ukrayna heç vaxt Rusiya ərazisini ABŞ silahları ilə vurmayıb” açıqlaması konkret məqsədlərə yönəlmiş bəyanatdır:
"Böyük ehtimalla bu açıqlama Tramp administrasiyasının istəyi ilə verilib. Çünki Donald Trampın komandası hələ də Rusiya ilə münasibətləri normallaşdırmaq və Ukrayna müharibəsini danışıqlar masası arxasında həll etmək ümidi bəsləyir. Bir müddət əvvəl Qərb mediasında ABŞ-nin Ukraynaya Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməyə icazə verdiyi barədə məlumatlar yayılmışdı. Lakin həmin məlumat sonradan Prezident Donald Tramp tərəfindən təkzib edildi. Tramp bəyan etdi ki, bu iddialar yalandır və ABŞ Ukraynaya belə bir icazə verməyib. Bu açıqlama, təbii ki, Rusiya ilə ABŞ arasında qarşıdurmanın dərinləşməsinin qarşısını almağa yönəlmişdi. Eyni məqsədlə, böyük ehtimalla, Zelenskinin son açıqlaması da Tramp administrasiyasının təzyiqləri və tövsiyələri nəticəsində verilib. Bu bəyanatın ABŞ və NATO arasındakı münasibətlərə də müəyyən təsir göstərə biləcəyi istisna olunmur. Çünki məlumdur ki, NATO-nun Ukrayna müharibəsinə yanaşması ilə ABŞ-nin mövqeyi arasında ciddi fərqlər mövcuddur".
Ekspert həmçinin bunu da qeyd edib ki, görünür hazırda Rusiya ABŞ-nin indiki siyasətindən məmnundur:
"Kreml üçün əsas məsələ ABŞ-nin Ukraynaya uzaqmənzilli raket sistemləri verməməsidir və atılan addımlar da bu məqsədə xidmət edir. Putin ilə Tramp arasında planlaşdırılan görüşlər və telefon danışıqları da məhz bu istiqamətə yönəlib. Hələlik Putin istədiyinə qismən nail olub, lakin bunun da müəyyən “qırmızı xətləri” var. ABŞ və Tramp administrasiyasının səbir kasası isə artıq dolmaq üzrədir. Yaxın vaxtlarda ABŞ-nin mövqeyini dəyişməsi və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi istisna edilmir. Bundan başqa, ABŞ maliyyə dəstəyi hesabına Ukraynaya uzaqmənzilli raket sistemlərinin verilməsi də gündəmə gələ bilər. Ümumilikdə vəziyyət hazırda çox mürəkkəbdir və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi yaxın günlərdə aydınlaşacaq".
Güllər Gülhüseynova
