00:00:00
Yazar
Admin User
07.11.2025 18:51 138 2 dəq oxuma
Siyasət

Ukrayna Avropanın Müdafiə Fonduna daxil olur

Ukrayna Avropanın Müdafiə Fonduna daxil olur

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti (AP) mülki vəsaitlərin hərbi məqsədlər üçün ayrılmasına imkan verən və Avropa Komissiyasının Ukraynanın qitənin Müdafiə Fonduna qoşulmasını dəstəkləyən təşəbbüsü ilə bağlı müvəqqəti razılığa gəliblər. Bu barədə Aİ Şurasının bəyanatında bildirilir.

 

"Ukraynanın Avropa Müdafiə Fonduna qoşulması bu ölkənin qurumlarının gələcəkdə Avropanın hərbi inkişafı və istehsalında iştirak etməsi üçün yeni imkanlar yaradacaq", - sənəddə bildirilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Mütəllim Rəhimli bildirib ki, Avropa İttifaqı bütün gözləntilərin əksinə olaraq Ukraynaya lazımi hərbi dəstəyi göstərmir:

 

“Bunun əvəzinə dəstək üçün iş gördüyü fikrini formalaşdırmağa çalışıb. Cəbhədə qızğın döyüşlər gedib, Avropa Şurası və Avropa Parlamenti isə müharibəni kağız üzərində aparmağa üstünlük verib. Bununla da Rusiyaya psixoloji təzyiq göstərəcəyini düşünüb. Amma müharibə real yardım istəyib.

Çox güman ki, bu qərar müharibənin şiddətlənməsinə səbəb olacaq. Çünki Ukraynanın Avropa Birliyinin Müdafiə Fonduna qoşulması anlaşma mexanizmlərinə zidd hesab edilib.

Ukraynanın Müdafiə Fonduna qoşulması əgər əlavə yardımlara yol açacaqsa, bu, yaxşı xəbər kimi qarşılanmalıdır. Çünki Ukrayna bu zaman Avropanın yardımlarından daha çox istifadə edərək Rusiyaya qarşı müqavimətini artıra bilər.

İstənilən halda qərar tərəflər arasında bölünmə sərhədlərini genişləndirəcək. Balansın dəyişməsində isə həlledici təsiri gözləməyimiz lazımdır. Bu, Avropanın səxavətinə daha çox bağlıdır. Avropada bir neçə ildir ki, qoca qitənin müstəqilliyi haqqında danışılıb. Son vaxtlar isə bu müzakirələr artıb. Lakin Avropanın enerji və təhlükəsizlik ilə bağlı asılılığı hələ də qalmaqdadır. Enerji ehtiyaclarını Birləşmiş Ştatların yardımı olmasa, həll edə bilmir.

Faktiki olaraq, hərbi xərclərini tələb olunan səviyyədə artıra bilmədiyindən, təhlükəsizliyini də müstəqil şəkildə təmin etməyə gücü çatmır. NATO üzvlərinin əksəriyyətini Avropa ölkələri təşkil etsə də, ABŞ-dən maliyyə və silah asılılığı mövcuddur. Ona görə də Avropa İttifaqı ölkələrinin müstəqil hərbiləşmə qərarları Birləşmiş Ştatların mənafelərinə toxunacaq. Bu isə faktiki olaraq NATO daxilində fikir ayrılıqları deməkdir.

ABŞ-nin bütün təkidlərinə baxmayaraq, Avropa ölkələri özlərinin hərbi büdcəsini artırmağa çətinlik çəkirlər. Büdcə vəsaitlərinin orduya yönəldilməsi əhalinin iqtisadi vəziyyətini pisləşdirəcək. Bu isə risk faktorudur. Çünki onsuz da partlayış həddində olan bəzi ölkələrdəki narazılıqları tətikləyə bilər.

Ona görə də Avropa ölkələri bu məsələyə ehtiyatlı yanaşmaqla Birləşmiş Ştatlarla münasibətlərini qoruyub saxlamağa çalışıblar. Bu, vaxt qazanmağa xidmət edib. Lakin ABŞ də Avropada gedən prosesləri diqqətlə izləməkdə və qitəni buxovda saxlamaqdadır. Son vaxtlar ABŞ-nin Avropa ölkələrinə qarşı tətbiq etdiyi gömrük rüsumları və Ukraynaya verilən silahları satması buna sübutdur.

Avropa mövcud durumdan tədricən qurtulmağa çalışır, ABŞ isə yeni bağlarla onu daha da özündən asılı vəziyyətə salıb".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər