00:00:00
Yazar
Lalə Qafarova
23.02.2026 20:47 15 2 dəq oxuma
Siyasət

"Ukrayna Azərbaycanın səmimi dəstəyini və həmrəyliyini yüksək qiymətləndirir" - Səfir

"Ukrayna Azərbaycanın səmimi dəstəyini və həmrəyliyini yüksək qiymətləndirir" - Səfir

Son iki ildə Ukrayna ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da güclənib. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycanın göstərdiyi dəstək Ukrayna üçün xüsusilə dəyərlidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a danışan siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ukrayna və Azərbaycan bir-birinə ruhən yaxın ölkələrdir:

 

"Hər iki ölkə qətiyyətli və müstəqil siyasət yürüdür. Xarici siyasətlərini milli maraqlar və təhlükəsizlik prinsipləri əsasında müəyyənləşdirirlər. Müharibə başlayandan bəri Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Ukraynanı dəstəkləyir. Azərbaycan hələ 2014-cü ildə Krım işğal ediləndən sonra Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini açıq şəkildə bəyan edib. Hazırda da Ukraynanın beynəlxalq hüquqla qorunan haqlarını müdafiə edir və humanitar yardım proqramlarında fəal iştirak edir.

Bakıda yüzlərlə ukraynalı qaçqın uşaq humanitar yardım alır, təhsil alır və dövlət himayəsindədir. Azərbaycan, həmçinin, Ukraynanı məişət elektrik avadanlıqları ilə təmin etməklə dəstək göstərir".

 

Şərhçi əlavə edib ki, bəzən Ukraynada bəzi qüvvələr Azərbaycanın narazılığına səbəb olan addımlar atsalar da, Ukrayna dövləti ümumilikdə Azərbaycanla strateji tərəfdaşlıq kursunu davam etdirir:

 

"Ukraynanın da Azərbaycana göstərdiyi siyasi və diplomatik dəstək önəmlidir. Bir vaxtlar Ukraynaya Azərbaycan qazının tədarükü məsələsi də gündəmə gəlmişdi. Lakin Qərbin yetərli dəstəyinin olmaması səbəbindən bu layihə reallaşmadı.

 Azərbaycan bu gün də Ukraynanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir və beynəlxalq platformalarda onun yanında yer alır. Eyni zamanda, Azərbaycan öz mövqeyini beynəlxalq hüquqa əsaslandırdığı üçün Rusiya ilə də münasibətlərində ciddi problem yaşamır".

 

Sonda o qeyd edib ki, hazırkı mürəkkəb və qeyri-sabit beynəlxalq şəraitdə Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə münasibətləri balanslı şəkildə qoruyur. Bu yanaşma ölkənin uğurlu və çevik xarici siyasətinin göstəricisidir.

 

Reyhan Quliyeva

#gündəm #baki #"ukrayna #azərbaycanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər