"Ukrayna Azərbaycanla Rusiya arasında təxribat planlaşdırır"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukraynanın xüsusi xidmət orqanları Rusiya ilə Azərbaycan arasında mövcud vəziyyətdən sui-istifadə edərək milli zəmində nifrət və qarşıdurma yaratmağa çalışır. Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi Ukraynanın bu təxribat planlarından xəbərdardır.
Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki,Rusiya anlamalıdır ki, Azərbaycanla münasibətləri gərgin saxlamaqda yalnız özünə ziyan vuracaq:
"Rusiya əvvəlcə Azərbaycanın təyyarəsini qəsdən vurduğuna görə üzr istəməli, təzminat ödəməli və caniləri cəzalandırmalıdır. Rusiyada yaşanan soydaşlarımızı əsasız ittihamlarla həbs etməməli, döyüb öldürməməlidir. Bu addımları atdığı təqdirdə Azərbaycan Respublikasının rəhbərliyi də münasibətlərin düzəlməsi məsələsinə baxa bilər. Yoxsa əsassız ittihamlarla, küçə söhbətləri və şaiələrlə iş açmaz. Rusiya anlamalıdır ki, Azərbaycanla münasibətləri gərgin saxlamaqda yalnız özünə ziyan vuracaq. Şübhəsiz ki, burada maraqlı ölkələr yararlanmağa çalışacaqlar. Lakin Azərbaycan heç bir kənar qüvvənin təsiri ilə heç bir təxribata uymur. Ölkədə tolerantlıq yüksək səviyyədədir, heç bir düşmənçilik hissləri yoxdur. Sadəcə diplomatik müstəvidə həll olunmalı məsələlər var ki, bu da Rusiyadan asılıdır. Əgər istəmirsə iddiaya etdiyi kimi Ukrayna yaxud digərləri bu haldan istifadə etsinlər, onda Azərbaycanla münasibətləri yoluna qoysun. Milli zəmində tolerantlığımız bütün dünyaya məlumdur və örnəkdir. Hətta Azərbaycan Respublikası uzun illər Ermənistan dövləti ilə münaqişə və müharibə şəraitində olmasına baxmayaraq ölkəmizdə ermənilər rahat yaşayıb. Ermənistanın keçmiş müdafiə nazirinin bacısı belə təhlükəsiz şəraitdə, heç bir təzyiqə məruz qalmadan hələ də yaşayır. Rusiya özü daima separatçılığı, milli ayrı-seçkilik hisslərini qaşımağa meyllidir və mütəmadi olaraq da ölkələr arasında problemlərin yaradılmasında, süni əngəllərin meydana gətirilməsində bu məkrli olandan istifadə edib".
Ekspert həmçinin bunu da bildirib ki,Zaxarovanın açıqlaması əsasızdır və Azərbaycana qarşı əsassız təzyiq xarakteri daşıyır, bu da vəziyyəti daha da gərginləşdirə bilər:
"Ukrayna hazırda öz taleyini həll edə bilmir, necə Azərbaycanda milli münaqişə yarada bilər? Bu absurddur. Bu cür açıqlamalar Cənubi Qafqazda sabitliyə xələl gətirir, sülhə doğru gedişləri təhdid altına salır. Ermənistan ilə Azərbaycan arasında reallaşmaqda olan sülh prosesinə xələl gətirmək istəyirlər. Cənubi Qafqazda Türkiyənin artan nüfuzu və güc balansının Rusiyanın əlindən çıxması gedişata təsir edir.Üstəlik Zəngəzur dəhlizi ilə bağlı danışıqlar, müzakirələr prosesləri sürətləndirir, Türkiyənin regionda böyük gücə çevrilməsi labüdləşir. Hər bir halda Rusiya tərəfinin Azərbaycana qarşı bu cür məsuliyyətsiz və əsasız bəyanatları münasibətlərin səhmana salınmasına deyil, əksinə daha da tarıma çəkilməsinə şərait yaradır. Ortada açıq bir cinayət var. Təyyarəmiz vurulub, mülki insanlar həlak olub. Hətta təyyarənin həlak olan iki pilotu milliyyətcə rusdur və onlara Azərbaycan Respublikası tərəfindən Milli Qəhrəman adı verilib. Azərbaycanda milli zəmində heç bir nifrət və düşmənçilikdən söhbət gedə bilməz. Heç bir kənar qüvvə də bunu süni şəkildə yaratmağa müqtədir deyil. Ukrayna ilə Azərbaycan arasında münasibətləri pozmağa çalışan Rusiya rəsmilərinin əsasız açıqlamalarına layiqli cavab verilməlidir".
Güllər Gülhüseynova