Ukrayna böhranının həlli Alyaskada əldə olunan razılaşmalar əsasında mümkündür
Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Rusiya ABŞ ilə Ukrayna böhranını Alyaska sammitində əldə olunan razılaşmalar çərçivəsində müzakirə etməyə davam edəcək.
O deyib:
“Əgər bu yol izlənilərsə, sülh yolu ilə həllə nail olmaq mümkündür”.
Uşakov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada gündəmdə olan mövzuları dəyərləndirib.
ABŞ ilə təmaslarda fasilə olub-olmadığı ilə bağlı suala cavab verən Uşakov deyib:
“Fasilə olduğunu deyə bilmərəm, amma mühüm irəliləyiş də yoxdur. Təmaslar müxtəlif səviyyələrdə davam edir. Vaşinqton və Moskvadakı səfirliklər fəaliyyət göstərir”.
Bu təmasların məhdud olduğunu vurğulayan Uşakov əlavə edib:
“Mövzular dəyişməyib. Ən vacib məsələ Ankoric sammitində əldə olunan razılaşmalardır. Bizim işimizin mövzusu da budur. Bu razılaşmalar hələ də qüvvədədir. Nə biz, nə də amerikalılar onlardan imtina edib. Əgər Ukrayna böhranını müzakirə etməyə davam edəcəyiksə, bunu Ankoricdə əldə olunan razılaşmalar əsasında edəcəyik. Əgər bu yol izlənilərsə, sülh yolu ilə həllə nail olmaq mümkündür”.
Uşakov ABŞ ilə Rusiya diplomatik mülklərinin geri qaytarılması məsələsinin həlli prosesinə toxunaraq bildirib:
“İşlər istədiyimiz qədər sürətli irəliləmir”.
TRT XƏBƏR
Lalə Qurbanlı