Ukrayna diplomatiyaya keçmək istəyir…
Ukrayna müdafiə naziri Denis Şmıqal bildirib ki, Ukrayna ABŞ Prezidenti Donald Trampın təklif etdiyi atəşkəsə hazırdır.
O deyib ki, Ukrayna diplomatiyaya keçmək istəyir:
“Amma danışıqlara məcbur edən əsas arqument Rusiyanın dərinliklərinə endirilən zərbələr olacaq”.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, danışıqlar masası ətrafında oturmaq üçün tərəflərə güclü arqument lazımdır:
“Bütün müharibələrin sonu danışıqlar masasında sülh razılaşması ilə bitib. Rusiya-Ukrayna müharibəsi də istisna deyil. Müharibənin dayandırılması ilə bağlı hakimiyyətlə yanaşı, xalqın da fikrini soruşmaq lazımdır. İqtidar müharibə üçün bəzən xalqın adından manipulyasiya da edə bilər. Hazırda Ukrayna rəhbərliyinin birdən-birə diplomatiyaya keçmək kimi bəyanatlar verməsi nə ölkə içində, nə də xaricdə rəğbətlə qarşılanmaz. Amma xalqın da nəbzini yoxlamaq və mümkün ssenariləri də qiymətləndirmək gərəklidir. Təbii ki, danışıqlar masası ətrafında oturmaq üçün tərəflərin hər birinə güclü arqument lazımdır. Rusiya bunu qarşı tərəfin torpaqlarını işğal etməsi ilə əsaslandıra bilsə də, Ukraynanın istifadə edəcəyi fakt mövcud deyil. Hansı ki, bu fikir qarşısında bütün tərəflərin susması tələb olunur. Şmıqalın açıqlaması da bütün bunları özündə ehtiva etməklə yanaşı, həm də Trampın yanında yer almağa hesablanıb. Yəni Şmıqal demək istəyir ki, Ukrayna bundan sonra Trampın bütün təkliflərinə razıdır. Ona görə də atəşkəsin əldə olunması üçün Birləşmiş Ştatlar rəsmi Moskvaya təzyiq etməlidir”.
Ekspert qeyd edib ki, diplomatiya müharibənin dayandırılması üçün həmişə ən doğru yoldur:
“Ukraynanın atəşkəsə ehtiyacı varmı?” sualına birmənalı cavab vermək də çətindir. Lakin müharibənin dayandırılması üçün diplomatiya hər zaman daha ağıllı variant hesab olunur. Buna baxmayaraq, Ukrayna Qərbin vədlərinə güvənərək döyüşü davam etdirmək istəyə bilər. Şmıqal bəyan etdiyi “Rusiyanın dərinliklərinə zərbə” ifadəsi təkcə diplomatiya deyil, həm də situasiyanı Qərbin əli ilə dəyişmək cəhdi kimi də səslənir. Çünki hərbi infrastrukturu dağıdılmış Rusiya ilə Ukraynanın diplomatiya dili ilə danışmaq istəməsi inandırıcı deyil. Şmıqal əslində ABŞ və Qərbin arzularını söyləyərək ölkəsinin hərbi müstəvidə niyyətlərini reallaşdırmaq üçün dəstək qazanmaq istəyib”.
Lalə Qurbanlı
