Ukrayna hücuma keçmək istəyir
Ukrayna Prezidenti Vladimir Zelenski ilə hərbi əməliyyatları və ordunun hücum planlarını müzakirə edəcəyik.
Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Anladığım qədər onlar (Ukrayna tərəfi – red.) hücuma keçmək istəyirlər. Bu barədə danışacağıq. Mən qərar qəbul edəcəyəm”, - deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Tramp və Zelenski arasında görüş gözlənilir.
Hücum planı regionda hansı hadisələrə yol aça bilər?
Yaranacaq hansısa hadisənin Azərbaycan üçün hansı əhəmiyyətləri ola bilər ?
Məsələ ilə bağlı açıqlamasında siyasətçi Tənzilə xanım bildirib:
“Ötən dövr ərzində Tramp və Zelinski arasında Doğrudur, bir neçə görüş keçirilsə, telefon danışıqları olsa da sabahkı görüş Ukrayna müharibəsi üçün taleyüklü ola bilər. ABŞ Prezidentinin bu müddətdə Putinə qarşı göstərdiyi xüsusi münasibətə, qırmızı xalıda qarşılamağına baxmayaraq, Kreml liderinin Trampı minimum qane edə biləcək heç bir müsbət addım atmaması Ağ Ev sahibində açıq-aşkar mövqe dəyişikliyi yaradıb və onun ritorikasını kəskinləşdirib. ABŞ lideri bəyan edib ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə öz ərazi bütövlüyünü tam bərpa edə və “hətta daha irəli gedə bilər”. Nobel sülh mükafatının ona verilməməsinin məhz Ukrayna müharibəsini dayandıra bilməməsi ilə bağlı olması və digər səbəblər üzündən Trampın Putinə “Tomoqavk”la cavab verəcəyi inandırıcı görünür. Hazırda Trampın indiki özünəinamından istifadə edərək Rusiyaya təzyiq etmək və onu danışıqlar masasına oturtmaq şansı yüksəkdir. Əlbəttə, ABŞ-nin təzyiqi ilə Rusiyanın və Vladimir Putinin tezliklə atəşkəsə razılaşması və şərt irəli sürmədən danışıqlara başlaması inandırıcı deyil. Çox ehtimal ki, Ukraynaya daha ağır, dağıdıcı hücumlar ediləcək. Amma, iqtisadi böhran içərisində olan Rusiyanın sonsuzadək müharibəni davam etdirməsi də mümkün deyil. Rusiya ərazisinə zərbələrin dəstəklənməsi eskalasiyaya səbəb ola və heç şübhəsiz, Vaşinqtonla Moskva arasında münasibətlərin perspektivlərinə mənfi təsir göstərə bilər. Azərbaycan bu gün Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkəmiz Rusiya ilə Ukrayna arasında olan problemlərin ancaq danışıqlar yolu ilə həll edilməsini istəyir. Dövlətimiz bu istiqamətdə də öz töhfəsini verir. Bizim Rusiya ilə də müttəfiqlik münasibətlərimiz var. Digər tərəfdən Ukrayna ilə yaxşı münasibətlərimiz mövcuddur. Ukraynanın çətin günündə Azərbaycan öz hümanitar yardımını etdi. Bütün dünya da bunu gördü. Amma bu günkü durum onu göstərir ki, usiya Ukrayna müstəvisində vəziyyət o qədər də ürəyaçan deyil. Bunun başqa regionlara keçməyəcəyinə heç kəs zəmanət vermir. Azərbaycan üçün vacib olan özünün lider olduğu Cənubi Qafqaz bölgəsində hər hansı bir qarşıdurmanın, gərginliyin baş verməsinə yol verməməkdir".
Aydan Əsgərxanlı
