00:00:00
Yazar
Admin User
31.10.2025 18:20 145 2 dəq oxuma
Siyasət

Ukrayna ilə bağlı gizli görüş

Ukrayna ilə bağlı gizli görüş

“El Mundo” nəşri məlumat yayıb ki, İspaniyanın paytaxtı Madriddə "İstəklilər koalisiyası"nın gizli görüşü keçiriləcək.

 

Məlumata görə, görüşdə Ukraynaya dəstəyin yeni yolları müzakirə olunacaq və iştirakçılar kamera və mobil telefonlar olmadan və görüşün hər hansı təfərrüatını açıqlamadan işləyəcəklər. Görüşün noyabrın 4-də İspaniya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə keçiriləcəyi bildirilib.

 

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Qərb Ukrayna müharibəsinə səmimi yanaşmır və ikili mövqe sərgiləyir:

 

“Qərbin Ukrayna müharibəsinə səmimi münasibət göstərmədiyi qənaətindəyəm. ABŞ və Avropa İttifaqı ikili oyun oynayırlar. Onlar Ukraynanın haqlı mübarizəsini dəstəkləməkdənsə siyasi və iqtisadi maraqlarını bəzən daha üstün tuturlar. Hərbi yardımlar ya vaxtında çatdırılmır, ya da tələb edilən həcmdə verilmir. ABŞ və Avropa ölkələri Ukraynaya yardımla bağlı məsələni müzakirə edərkən heç bir tərəf məsuliyyəti öz üzərinə götürmək istəməyib. Daha az yardımla daha çox qazanc əldə etmək niyyəti güdülüb. "İstəklilər koalisiyası" yarandığı vaxtdan cəbhədə vəziyyəti dəyişə bilməyib, daha doğrusu bunu istəməyib. Əslində bu koalisiyanın görüşünün açıq keçirilməsi daha məntiqli olar. Çünki əldə edilən razılaşmalar, qəbul edilən qərarlar Rusiyaya təzyiq, Ukraynaya isə həm də psixoloji dəstək qazandırar. Amma nədənsə görüşün gizli keçirilməsi qərara alınıb”.

 

Ekspert qeyd edib ki, bu görüş Ukrayna üçün ciddi nəticələr vəd etmir:

 

“Çox böyük ehtimalla bu görüş heç də Ukraynanın xeyrinə qərar verməyəcək. "İstəklilər kolalisiyası" ola bilsin ki, müharibənin dayandırılması ilə bağlı ABŞ-nin təkliflərini müzakirə edəcək. Belə ki, indiyədək atəşkəslə bağlı ABŞ və Avropa dövlətlərinin mövqeyində ciddi fərq var. Ola bilsin ki, Avropa dövlətləri öz mövqelərini ABŞ-yə yaxınlaşdırmaqla bağlı qərar qəbul etsinlər. Dünyada çox az adam tapılar ki, Ukraynaya həqiqi dəstəyi arzulamasın. Hər kəs Rusiyanın cəbhədə “burnunun ovulmasını” istəyir. Lakin, təəssüf ki, bu baş vermir. Buna baxmayaraq, biz ABŞ və Avropa İttifaqı ölkələrinin keçirdiyi hər bir görüşə yeni ümidlə baxırıq. Görüşdən sonra ona olan ümidlərimiz məhv olsa da, içimizdə kök salan ümumi ümidlər tükənmir. Bu, haqqın, ədalətin qələbəsinə olan inamdan qaynaqlanır. Konkret olaraq "İstəklilər koalisiyası" gizli görüş keçirərsə, ondan Ukraynaya ciddi dəstək ehtimalı azdır”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər