00:00:00
Yazar
Admin User
21.02.2025 14:41 246 2 dəq oxuma
Siyasət

"Ukrayna müharibəsi qlobal güc balansını dəyişəcək"

"Ukrayna müharibəsi qlobal güc balansını dəyişəcək"

"İkinci Dünya Müharibəsindən sonra qurulan dünya nizamının çöküş prosesi beynəlxalq münasibətlər sistemində dərin dəyişikliklərə yol açır". 

 

Bu barədə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib.

 

O, qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra qurulan dünya nizamının çöküşü eyni zamanda kollektiv qərb anlayışını da dəyişir:

 

 "Birləşmiş Ştatların yeni administrasiyası ilə Avropa İttifaqı və Kanada arasında olan ideoloji fərqliliklər siyasi qarşıdurmalara çevrilir və bu proses daha da dərinləşir. Nəticədə, dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq təşkilatlar öz əhəmiyyətini itirir və ya təsir gücünü azaldır. Bu vəziyyətə uyğun olaraq, müxtəlif dövlətlər yeni geosiyasi şəraitdə öz gələcək perspektivlərini planlaşdırmağa və milli maraqlarını təmin etməyə çalışırlar. Hər bir ölkə mümkün qədər risklərdən yayınmağa üstünlük verir. Buna görə də yaranmış şərait gələcək dünya nizamının necə formalaşacağını müəyyənləşdirəcək.

Bundan sonrakı dönəmdə güclü dövlətlərin təsir imkanları beynəlxalq münasibətlərin əsas meyarlarından birinə çevriləcək.

Birləşmiş Ştatlarla ideoloji baxımdan fərqli mövqedə dayanan Kanada, Fransa, Almaniya və digər ölkələr arasında problemlər dərinləşir. Müxtəlif ölkələr, xüsusilə Avropa İttifaqına daxil olan dövlətlər və Kanada çalışır ki, Ukrayna məsələsi ətrafında Birləşmiş Ştatlarla Rusiya arasında konsensusu dəyişdirsinlər və öz maraqlarını qorumağa yönələn siyasət yürütsünlər”.

 

Politoloq qeyd edib ki, Ukrayna müharibəsi qlobal güc anlayışının dəyişməsi baxımından milli dövlətlərə fürsətlər yaratsa da, eyni zamanda böyük dövlətlər arasında maraq toqquşmalarını daha da dərinləşdirəcək: 

 

“Bəzi dövlətlər öz maraqlarını təmin etmək üçün Ukrayna kartından istifadə edirlər. Bu baxımdan kollektiv Qərbin artıq əvvəlki kimi vahid bir güc mərkəzi olmadığı şəraitdə, Birləşmiş Ştatların geosiyasi strategiyası ilə Avropa İttifaqının xüsusilə Fransa və Almaniya kimi lider ölkələri, eyni zamanda Şimali Amerikanın əsas iqtisadi mərkəzlərindən olan Kanada arasında maraq toqquşmaları mövcuddur.

Gələcəkdə xüsusilə Ukrayna müharibəsinin tənzimlənməsi prosesində bu maraq toqquşmalarının daha da dərinləşəcəyini müşahidə edəcəyik. Bu ziddiyyətlər beynəlxalq münasibətlər sisteminə və qlobal güc balansına birbaşa təsir göstərəcək”.

 

Xanım Ağamalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər