Ukrayna ordusu Dnepropetrovsku azad edir
Hazırda Ukraynanın Dnepropetrovsk vilayətinin Rusiya qoşunlarından azad edilməsi prosesi davam edir və bölgə üzərində nəzarət hələ tam bərpa olunmayıb.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Dnipropetrovsk ölkənin şərqində ən strateji sayılan nöqtələrdən biridir:
“Həmçinin Ukraynanın ərazisində dördüncü və ya beşinci ən böyük sənaye-iqtisadiyyat mərkəzidir. Bu xüsusiyyətləri nəzərə alanda başa düşmək olur ki, Dnipropetrovsk vilayəti bu gün Ukraynanın yenidən nəzarətinə keçərsə, bu, əslində, sonrakı mərhələlərdə müharibənin taleyini tam mənada həll etməsə də, Ukraynanın üstünlüyünü bərpa etməsi və ya ən azı müəyyən üstünlük qazanması üçün strateji əhəmiyyət kəsb edə bilər. Həmçinin onu da qeyd etməliyik ki, bu ərazi Ukraynanın şimal, cənub və şərq vilayətləri arasında çox önəmli nəqliyyat qovşağıdır. Bu da imkan verir ki, hərbi əməliyyatlar zamanı bölgədən logistika mərkəzi kimi istifadə olunsun. Həmçinin burada çox yaxşı müdafiə xətti formalaşdırıla bilər. Bu da Rusiya qüvvələrinin Ukraynanın mərkəzinə və digər vilayətlərinə doğru irəliləməsinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edə bilər. Amma hələ Ukrayna qoşunları burada əməliyyatı sonlandırmayıb, şəhəri tam nəzarətə götürməyib. Rusiya qüvvələrinin də müdafiə olunmaq, yəni Ukrayna qüvvələrinin şəhəri tam nəzarətə götürməsinin qarşısını almaq üçün bölgədə kifayət qədər qüvvələri var”.
Tədqiqatçı həmçinin bunu da qeyd edib ki, Rusiya üçün prioritet Ukraynanı qısa müddətdə zəiflətmək və onu öz şərtlərinə uyğun razılaşmaya razı salmaqdır.
“Bu baxımdan hələlik müharibənin, sırf Dnipropetrovsk bölgəsində nələrin baş verəcəyini və kimin üstün gələcəyini indidən söyləmək çətindir. Amma Ukrayna qüvvələrinin bu qərarlı əməliyyatları onu deməyə əsas verir ki, artıq şəhərin geri alınması Ukrayna üçün prioritetdir. Şəhərin işğaldan azad edilməsinin qarşısını almaq isə Rusiya qüvvələri üçün prioritetdir. Ona görə də gözləmək olar ki, qarşıdakı yaxın zamanda bu bölgə uğrunda mübarizə Rusiya–Ukrayna münaqişəsinin əsas toqquşma nöqtələrindən birinə çevriləcək. O ki qaldı son sualımıza, əgər həqiqətən də vəziyyət dəyişərsə, yəni Dnipropetrovsk yenidən Ukraynanın nəzarətinə keçərsə, bu, birmənalı olaraq müharibənin taleyini dəyişməyə bilər. Amma Ukrayna qüvvələrinin Rusiyaya qarşı müqavimətində və Rusiya qüvvələrinin işğal əməliyyatlarının qarşısının alınmasında çox önəmli dönüş nöqtəsinə çevrilə bilər. Həmçinin bu, Ukrayna ordusunda ruh düşkünlüyünün aradan qalxmasına və Rusiya tərəfinin müharibənin sonunda qalib gələcəyinə dair ümidlərinin azalmasına səbəb ola bilər. Eyni zamanda, Rusiya ordusunda da ruh düşkünlüyünün yaranmasına gətirib çıxara bilər”.
Güllər Gülhüseynova