00:00:00
Yazar
Admin User
24.09.2025 18:24 115 2 dəq oxuma
Siyasət

"Ukrayna öz ərazi bütövlüyünü bərpa edə bilər"

"Ukrayna öz ərazi bütövlüyünü bərpa edə bilər"

 

ABŞ Prezidenti Ukraynanın işğal olunmuş ərazilərini əvvəlki vəziyyətinə qaytara biləcəyini bəyan edib. Bu açıqlama beynəlxalq ictimaiyyətin diqqətini çəkərək, regionda sülh və təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, bu kimi ziddiyyətli fikirlərlə tez-tez qarşılaşırıq:

 

"Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu tipli açıqlamalarına tez-tez rast gəlirik. Eyni zamanda, bu fikirlərə zidd bəyanatların da şahidi oluruq. Biz hələ də Ukrayna Prezidenti Zelenskinin Ağ Evdə Trampla görüşündən sonra oradan necə ayrıldığını, bir sözlə, rəsmi olmasa da, sanki qovulduğunu xatırlayırıq. Bundan əlavə, aylar öncə Trampın Rusiya Prezidenti Putinlə dəfələrlə telefon danışığı apardığını və onun haqqında dediyi sözləri də unutmamışıq. Rusiyanın hərbi gücü ilə bağlı səsləndirdiyi fikirlər də hələ yaddaşlardadır. İndi isə bunlara zidd olan açıqlamaların verilməsi təəccüblü deyil. Çünki Trampın ikinci prezidentlik dönəminin ilk səkkiz ayında əvvəlki hakimiyyət dövründən fərqli olaraq, bir-birinə zidd mövqelər nümayiş etdirdiyini görürük. Bu bəyanat da həmin ziddiyyətli çıxışlardan biridir.

Ukraynaya ABŞ-nin göstərdiyi dəstəyin azaldılması ilə bağlı bir ay öncə beynəlxalq mediada məlumatlar yayıldı. Eyni zamanda, bir sıra Avropa ölkələrinin də Kiyevə yardımı azaltmağa hazırlaşdığı xəbərləri unudulmayıb. Avropanın, xüsusilə də Qərb dövlətlərinin Ukraynaya gözlənilən səviyyədə dəstək vermədiyi aydın şəkildə görünür. Bu kontekstdə Trampın son açıqlamasını Ukraynaya verilmiş qısa bir "nəfəs" kimi qiymətləndirirəm. Lakin bunun vəziyyəti köklü şəkildə dəyişəcəyini düşünmürəm.

Savaşın hələ bir müddət davam edəcəyi ilə bağlı Trampın fikirləri ilə razıyam. ABŞ ilə Ukrayna arasında indiyə qədər əməkdaşlıq olub və bu əlaqələrin davam edəcəyi ehtimalı yüksəkdir. ABŞ bu münasibətləri tamamilə dayandıra bilməz və buna imkan da yoxdur, çünki belə olan halda Ukraynanın suverenliyini Rusiya ciddi şəkildə təhdid edə bilər.

Hesab edirəm ki, beynəlxalq təşkilatlar, hər zamankı kimi, yalnız formal bəyanatlarla kifayətlənəcəklər. ABŞ Prezidentinin bu çıxışına sərt reaksiya veriləcəyi ehtimalı olduqca azdır".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər