00:00:00
Yazar
Admin User
23.10.2025 18:45 128 5 dəq oxuma
Siyasət

Ukrayna ərazi güzəştləri etməyəcək

Ukrayna ərazi güzəştləri etməyəcək

“Heç bir ərazi güzəşti yoxdur. Ukrayna ərazi güzəştlərinə getməyəcək”- Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə keçirilən Avropa Şurasının sammitində deyib.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenski siyasi ömrünü uzatmaq üçün müharibəni davam etdirməyə çalışır:

 

“Ukrayna prezidenti Vladimir Zelenskinin bu sözləri, mən deyərdim ki, sanki reallıqdan uzaq bir fikri ifadə edir. Biz müharibənin gedişatı ilə bağlı görürük ki, qüvvələr nisbəti necədir, hansı tərəf, nəyə əsaslanaraq, nəyə güvənərək döyüş meydanında özünü təsdiqləməyə çalışır. Ukraynanın güzəştə getməyəcəyini deməsi ilk növbədə ondan xəbər verir ki, Ukrayna danışıqlara getmir. Çalışır, həm Avropanı, həm də Amerika Birləşmiş Ştatlarını sövq etsin ki, onlar köməyi artırsınlar və Ukraynaya eksklüziv silah növlərini təqdim etsinlər. Kömək kimi göndərsinlər ki, bunlar müharibəni dayandırmasınlar. Biz indi dünya meydanında iki belə oxşar lider görürük. Bir Benyamin Netanyahu, bir də Vladimir Zelenskidir ki, bunlar özlərinin siyasi həyatını, siyasi ömrünü uzatmaqdan ötrü müharibə əlindən yapışıblar və müharibədən imdad diləyirlər. Yəni bu çox təhlükəli bir tendensiyadır. Çünki Ukraynanın əraziləri geri qaytarmaq şansı sıfıra bərabərdir. Müharibə yolu ilə, cəng yolu ilə, savaş yolu ilə... Digər tərəfdən, müharibənin özündə də təşəbbüsü ələ keçirmək, üstünlük əldə etmək də çox problematik görünür. Rusiya indi pis-yaxşı, az-çox öz resurs bazasından istifadə edir. Bəli, ona kömək edən dövlətlər də var. Şimali Koreyadır, İrandır, Çindir qismən kömək edir, hətta Hindistandan bəzi materiallar alırlar. Amma Ukrayna bütövlükdə demək olar ki, özünün bu savaşdakı mövqeyini bilavasitə Qərb tərəfdən aldığı köməklə, dəstəklə şərhləndirir. Bu, sözün əsl mənasında etibarnamə ilə müharibə aparmaq anlamına gəlib çıxan bir göstəricidir. Mən elə başa düşürəm ki, bu tezisi o Avropadakı tərəfdaşlarına, həmfikirlərinə xoş gəlsin deyə ifadə edir. Çünki aydın məsələdir, indi Ukrayna daxilində də artıq danışıqlara getmək mövzusu meydana gəlir. Digər tərəfdən də Ukraynanın ən hazırlıqlı batalyonları, silahlı dəstələri, onlar vaxtilə İngiltərənin, Polşanın, Almaniyanın, hətta Litvanın təlimatçılarının rəhbərliyi altında hazırlanıblar və vaxtilə Kursk vilayətinə onlar hücum edəndə məhz o hazırlıqlı batalyonlar öndə gediblər. Yəni artıq demək olar ki, müharibənin uzanması Ukraynanın zərərinə işləyir. Çünki birincisi orduda yorğunluq hiss olunur. Digər tərəfdən strateji resurs durmadan tükənir. Nəhayət, dəstək verənlər də düşünürlər ki, “biz bu dəstəyi veririk, bəs onu alan tərəf nə dərəcədə perspektivlidir, bizim köməyimizi nə dərəcədə doğruldur və ondan səmərəli istifadə edirmi?” Bu sualların özlərinin cavabları çox problematik səslənir. Ona görə də hesab edirəm ki, danışıqlara birincisi, Rusiya getməyə hazır deyil. Digər tərəfdən Rusiyanın, bilirik ki, prezidentinin də şərhi olub ki, “Zelenski ilə bir masada oturmayacağam. O mənim üçün heç kəsdir. Çünki onun prezidentlik müddəti qurtarıb, vaxtı ötmüş liderdir”. 

 

Ekspert qeyd edib ki, ekspert qeyd edib ki, üstünlük açıq-aşkar Rusiyanın tərəfindədir:

 

“Zelenskinin bu sözləri Rusiya-Ukrayna münaqişəsinə heç cür təsir göstərmir. Üstünlük Rusiyanın tərəfindədir. O böyük bir ərazini ələ keçirib. Xerson vilayətədir, Zaporojya vilayətidir, hələ Krımı saymayaq, digər bölgələrdir, Donetskdir, Luqanskdır, bunları ələ keçirib. Düzdür, bəzilərini tam yox, qismən, amma buna baxmayaraq, üstünlük Rusiyanın tərəfindədir. Hətta vaxtilə o resurs sazişinə ABŞ ilə Ukraynanın rəsmiləri qol çəkiblər ki, müharibə qurtarandan sonra dərhal Amerika şirkətləri o nadir tapılan metalların axtarışına başlasınlar, onların istehsalına başlasınlar və Amerika bundan qazanc əldə etsin. Amma işə baxın ki, indi paradoks ondadır ki, həmin o metalların, həmin o strateji resursların mənbələri demək olar ki, Rusiyanın ələ keçirdiyi ərazilərdədir. Amerika şirkətləri, eləcə də Ukrayna tərəfi heç hərəkətə də başlayıblar ki, gəlib oradan nə isə götürsünlər, faydalı qazıntılarla məşğul olsunlar ki, heç olmasa Amerikanın verdiyi böyük dəstəyin bir hissəsini onlar doğrultsunlar. Ona görə elə düşünürəm ki, Zelenskinin bu fikri sadəcə öz şəxsi xeyrinə işləyən bir fikirdir. Biz görürük ki, birincisi, Rusiyada orduya çağırılan hər kəsə iki büdcədən maliyyə dəstəyi verilir: bir federal büdcədən, bir də regionun öz büdcəsindən. Haradan ki, bu adam özü gəlir, onun regionundan dəstək verilir, maliyyə dəstəyi verilir. Çünki o əgər gedib müharibədə həlak olarsa, ya xüsusi əməliyyatda həlak olarsa, onun ailəsi kor-peşman qalmasın, əlacsız qalmasın. İmkanı olsun, sosial məsələləri həll etsin. Digər tərəfdən isə Rusiyada heç kəsi Ukraynadakı kimi zorla küçədə tutub, maşına basıb ön xəttə aparmırlar. Ukraynada görürük ki, cavanlar da çoxu ölkəni tərk edib. Sonra qalan insanları da zorla küçələrdə, dükanlarda, ictimai yerlərdə tuturlar. Ağına-bozuna baxmadan maşınlara salıb aparırlar və onları ön xətdə, demək olar ki, düşmənlə üz-üzə qoyurlar. Ona görə hesab edirəm ki, Zelenski bu məsələ ilə bağlı həqiqətən də belə bir məntiqə üstünlük verir ki, “daha mən bu yola ayaq qoymuşam, sona qədər gedəcəyəm. Lap bunun axırı faciəvi olsa belə, mən yolumdan dönməyəcəyəm. Çünki birincisi mənim bax, bu sözlərimə görə Qərb mənə dəstək verir. Məni özünə yaxın müttəfiq sayır”. O “NATO-ya üzv olacaq”, “Ukrayna Avropa İttifaqının əsas hissəsi olacaq” fikirlərinin hamısı xülyalardır. Bunların heç bir əsası yoxdur. Yəni reallıqda Ukraynanı elə məhz qərblilər, mən deyərdim ki, “qurbanlığa” çeviriblər. Mənim üçün ən maraqlı olan da odur ki, vaxtilə öz döşünə vuran o qərbpərəst siyasətçilər- Turçinov idi, Yatsenyuk idi, Yaroş idi. Haradadırlar onlar indi? Niyə onlar görünmür? Niyə onların uşaqları orduya getmir? Onların hamısı, demək olar ki, bu siyasi biznesin öncülləri idi. O biznesdən öz götürdüklərini götürdülər. İndi heç birinin də səsi çıxmır. Heç biri də meydanda yoxdur. Bütün meydan verilib Zelenskiyə və Zelenskinin özünün tərcümeyi halı, bacarığı, imkanları nədən ibarətdir, bunun hamısını biz bilirik. Ailəsi də Ukraynada yaşamır”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər