Ukrayna Rusiyadan 1000 əsgərin cəsədini təhvil aldığını açıqlayıb
Ukrayna Savaş Əsir və Müalicə üzrə Koordinasiya Mərkəzi bəyan edib ki, Rusiya ilə aparılan danışıqlar nəticəsində müharibədə həyatını itirmiş 1000 Ukrayna əsgərinin cəsədi geri qaytarılıb. Bu humanitar əməliyyat, tərəflər arasında qarşılıqlı anlaşma çərçivəsində həyata keçirilib.
Mərkəzin rəsmi Telegram hesabında yayılan yazılı açıqlamada bildirilir ki, Rusiya-Ukrayna müharibəsində həyatını itirən Ukrayna əsgərlərinin cəsədləri xüsusi razılaşma ilə Ukrayna tərəfinə təhvil verilib. Açıqlamada qeyd olunur: “Rusiya tərəfi, Ukraynalı hərbçilərə aid olduğunu bildirdiyi 1000 cəsədi Ukrayna hökumətinə təqdim edib".
Açıqlamada o da vurğulanır ki, cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. Bu məqsədlə hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyinə bağlı müvafiq ekspert qrupları meyitlər üzərində zəruri tibbi-ekspertiza işləri aparacaq. Nəticədə, ailələrə rəsmi məlumat təqdim olunacaq və dəfn prosesi təşkil ediləcək. Eyni zamanda, qarşılıqlı humanitar razılaşma çərçivəsində Rusiya da Ukraynadan 30 əsgərinin cəsədini təhvil alıb. Rusiyanın TASS xəbər agentliyinə danışan mənbə bildirib ki, “Ukrayna tərəfi 30 rus əsgərinin cəsədini Rusiya Federasiyasına qaytarıb”. Bu addım, münaqişəyə baxmayaraq, tərəflər arasında minimum humanitar koordinasiyanın davam etdiyini göstərir.
TRT Haber
Aysun Vəliyeva