00:00:00
Yazar
Elmira Ağayeva
26.06.2026 18:07 31 2 dəq oxuma
Siyasət

Ukrayna Rusiyanı sülhə məcbur etmək üçün 40 günlük əməliyyata başlayıb

Ukrayna Rusiyanı sülhə məcbur etmək üçün 40 günlük əməliyyata başlayıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə 40 günlük təsir əməliyyatına start verildiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidmətinin uzunmüddətli və ortamüddətli sanksiyalar planını, eləcə də cəbhədə Alfa Xüsusi Əməliyyatlar Mərkəzinin fəaliyyətini əhatə edir.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna artıq iki aya yaxındır ki, Rusiya ərazisində konkret hədəflərə ünvanlanmış əməliyyatlar həyata keçirir və bu müddət ərzində Ukrayna effektiv şəkildə Rusiyanın enerji və strateji obyektlərini hədəfə alıb və bu istiqamətdə kifayət qədər uğurlara da nail olub:

 

“Artıq Vladimir Putinin də bir neçə gün öncə Ukrayna ilə danışıqlara hazırlıq ifadəsi əslində müəyyən qədər Rusiya hakimiyyətinin problemlərin ciddiyyətini anladığını göstərməkdədir. Doğrudur, onun bu bəyanatını manipulyasiya kimi dəyərləndirmək daha doğru olar, belə ki, o yenə də İstanbul anlaşmalarına istinad edir. 2022-ci ilin martı ilə 2026-cı ilin iyun arasında cəbhə xəttində vəziyyət kifayət qədər fərqlidir və Ukrayna iki aydan artıqdır ki, strateji üstünlüyə yiyələnib və bu istiqamətdə də önəmli addımlar atır. Rusiyanın, xüsusilə də neft, yanacaq, enerji sektorunun 40%-ə yaxını zərər görüb. Ukrayna prezidentinin açıqlamalarına gəldikdə isə,onlar Rusiyanı masaya oturtmağa məcbur etmək üçün bu əməliyyatları aparmaq məcburiyyətindədir. Və düşünürəm ki, bu əməliyyatlar müəyyən qədər öz nəticəsini də verəcək, belə ki, artıq il yarımdan bəridir Ukraynaya təzyiq göstərib güzəştə məcbur etmək istəyən Tramp belə mövqeyində müəyyən dəyişikliklər edib və Ukraynanın çox effektiv iş gördüyünü söyləyir”.

 

Politoloqun sözlərinə görə, bu, cəbhə xəttində vəziyyətin effektiv şəkildə Ukraynanın xeyrinə dəyişdiyini göstərən bir hadisə kimi dəyərləndirilə bilər:

 

“Düşünürəm ki, əməliyyatların intensivliyi artsa və Rusiyanın, xüsusilə də Moskva, Peterburq kimi mərkəzi şəhərləri daha çox zərər görsə və Rusiyada yanacaq, enerji sahəsində qıtlıqlar artsa, bu məhdudiyyətlər genişlənsə və Krımda vəziyyət çətinləşsə, Rusiya tərəfi masaya otura bilər. Doğrudur, bu asan olmayacaq. Rusiya hakimiyyəti öz şovinist düşüncəsinə görə sona qədər getməyə çalışacaq və dünyanı da şantaj etmək istəyir, amma bütün hallarda o da nə zamansa masaya gələ bilər. Burda xüsusilə də biz Çinin də təsirini qeyd etməliyik.
Qərb ölkələrinin bu əməliyyatlara reaksiyasına gəldikdə isə, birmənalı onlar da Ukraynanın bu əməliyyatlarını dəstəkləyirlər və bunu əslində həm də alqışlayırlar. Rusiyanı sülhə vadar etmək üçün bunu zəruri hesab edirlər.
Bu əməliyyatlar regionda təhlükəsizlik balansına əlbəttə ki, müəyyən qədər təsir edəcək. Əgər Ukrayna Rusiyanı danışıqlara vadar eləyib onun bir çox ambisiyalarından geri çəkilməyə məcbur edə bilsə, bu artıq Rusiyanın bir geosiyasi güc kimi rolunun zəifləməsi, eyni zamanda Ukraynanın isə rolunun artması demək olacaq”.


Mələk Hüseynova

#Rusiya #Ukrayna #Qərb #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər