Ukrayna Rusiyanın nadir təyyarəsini məhv edib
Noyabrın 25-də Ukrayna ordusu Rostov vilayətinin Taqanroq şəhərindəki “Beriyev” aviasiya zavoduna PUA zərbələri endirib.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Ukraynanın Rostov vilayətindəki “Beriyev” aviasiya zavoduna endirdiyi PUA zərbəsi sadəcə bir hərbi obyektin vurulması deyil, müharibənin gedişinə dair mühüm siyasi siqnaldır:
“Çünki məhv edilən təyyarə Rusiyanın nadir və strateji radar-kəşfiyyat platformalarından biri idi və bu, Moskvanın hava nəzarəti imkanlarına birbaşa zərbə vurur. Bu əməliyyat Qərbin Ukraynaya verdiyi dəstəyin artıq daha dəqiq, koordinasiyalı və texnoloji xarakter aldığını göstərir. Dərinlikdəki hədəflərin vurulması Ukraynanın təkbaşına bacaracağı əməliyyat deyil, bu, Qərb kəşfiyyatının və texnoloji dəstəyinin rolunu açıq şəkildə ortaya qoyur. Hadisə həm də regionun neytral aktorları üçün mesajdır. Türkiyə balans siyasətini qorumağa çalışsa da, belə hücumlar Ankara üçün yeni diplomatik çətinliklər yaradır. Çin isə eskalasiyanın dərinləşməsindən narahatdır, çünki bu, Moskva üzərində təsir imkanlarını azaldır. Kreml üçün əsas problem odur ki, bu tip nadir təyyarələr asanlıqla əvəz edilmir. Buna görə də Taqanroqdakı zərbə həm hərbi, həm də psixoloji təsir baxımından Rusiyanın mövqeyini zəiflədən bir hadisə kimi dəyərləndirilir. Qısası, Ukraynanın bu əməliyyatı müharibənin yeni mərhələyə qədəm qoyduğunu göstərir dərinlikdəki hədəflər artıq toxunulmaz deyil və Rusiya üçün risklər artır”.
Səadət Əlizadə
