00:00:00
Yazar
Admin User
13.11.2025 13:54 154 3 dəq oxuma
Siyasət

Ukrayna şirkətləri İrana yardım edib

Ukrayna şirkətləri İrana yardım edib

ABŞ Maliyyə Nazirliyi İrana dron və ballistik raket istehsalında yardım edən iki Ukrayna şirkətinə sanksiya tətbiq edib. Bildirilib ki, şirkətlərdən biri İranın 2023-cü ildən başlayaraq Çindən ballistik raket komponentlərinin almasında vasitəçi rolunu oynayıb. Digər bir şəbəkə isə İranın dövlət şirkətinə PUA komponentlərinin alınmasında kömək edib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Maliyyə Nazirliyinin iki Ukrayna şirkətinə İranın dron və ballistik raket proqramına yardım etdikləri üçün sanksiya tətbiq etməsi ilk baxışda texniki bir qərar təsiri bağışlasa da, əslində daha geniş geosiyasi çalarlar daşıyır:

 

"Bu addım həm ABŞ və Ukrayna münasibətlərində, həm də İranın regional davranışları kontekstində beynəlxalq siyasətdə yeni nüanslar yaradır. Vaşinqton göstərir ki, İranın hərbi-sənaye kompleksinə yönələn istənilən dəstək, hətta müttəfiq ölkənin sərhədləri daxilində fəaliyyət göstərən şirkətlərdən olsa belə ciddi nəticələrlə qarşılaşacaq. Bu qərarın Ukrayna və ABŞ münasibətlərinə təsiri müəyyən ölçüdə hiss olunacaq. ABŞ açıq şəkildə göstərir ki, Ukraynaya dəstəyi strateji səviyyədə davam etsə də, Kiyevin daxilində fəaliyyət göstərən biznes şəbəkələrinin nəzarətdən kənar hərəkətləri qətiyyən gözardı edilməyəcək. Vaşinqton üçün Ukraynaya yardım həm siyasi, həm hərbi, həm də reputasiya aspektlərindən mühüm məsələdir. İranın raket və PUA proqramına edilən vasitəçilik yardımı ABŞ-də narahatlıq yaradır. Çünki bu sahə İrana qarşı yürüdülən qlobal təzyiq strategiyasının əsas həlqəsidir. Buna baxmayaraq, sanksiyanın hədəfi dövlət deyil, şirkətlərdir və Vaşinqton Kiyevlə münasibətlərin pozulmaması üçün diplomatik tonunu balanslı saxlayacaq. ABŞ-nin qərarının beynəlxalq münasibətlərə təsiri daha genişdir. İranın PUA və raket imkanları son illər qlobal təhlükəsizlik gündəmində ciddi yer tutur və bir çox regional aktor üçün təhlükə mənbəyi sayılır. Ukrayna şirkətlərinin vasitəçi kimi çıxış etməsi göstərir ki, İran öz təchizat zəncirini yalnız Yaxın Şərqlə məhdudlaşdırmır, Avrasiya məkanına da yayır. Bu sanksiya digər ölkələrə mesaj verir ki, İranla hər hansı texniki və ya logistika əməkdaşlığı yüksək risk daşıyır və ABŞ üçün “qırmızı xəttdir” ".


Həmçinin şərhçi qeyd edib ki, eyni zamanda qərar Çin üzərinə də dolayı təzyiq yaradır:


“Çünki şirkətlərdən biri məhz İranın Çindən ballistik raket komponentləri almasına vasitəçilik edib. Bu Pekin və Vaşinqton münasibətlərinə də əlavə gərginlik qatır. Sanksiyanın regiondakı güc balansına təsiri də nəzərəçarpandır. İran artıq Yaxın Şərqdə PUA-lar və ballistik raketlər vasitəsilə öz təsir dairəsini genişləndirmiş aktordur. Vaşinqtonun Ukrayna şirkətlərini hədəf alması İranın istehsal zəncirinə zərbə vurmaq cəhdidir və bu, gələcəkdə İranın silah istehsalında müəyyən ləngimələrə səbəb ola bilər. Regionda xüsusilə İsrail və Ərəb körfəzi ölkələri üçün bu addım müsbət siqnal kimi qiymətləndiriləcək. Digər tərəfdən, İran bu sanksiyaları düşmənçilik jesti kimi qəbul edib daha sərt mövqelər nümayiş etdirə bilər ki, bu da bölgədə təhlükəsizlik gərginliyini artırmaq ehtimalını gücləndirir. Ümumilikdə ABŞ-nin Ukrayna şirkətlərinə tətbiq etdiyi sanksiya yalnız iki kommersiya qurumunun cəzalandırılması deyil. Bu addım Vaşinqtonun İranın hərbi imkanlarını beynəlxalq miqyasda sıxışdırmaq siyasətinin bir hissəsidir və həm Ukraynaya, həm Çinə, həm də digər ölkələrə açıq mesaj göndərir. Regiondakı güc balansı baxımından isə bu qərar İranın hərbi-sənaye resurslarının daraldılması istiqamətində atılan addım kimi görünür və yaxın perspektivdə Yaxın Şərqdəki hərbi dinamikanı müəyyən qədər dəyişə bilər".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər