Ukrayna şirkətləri İrana yardım edib
Nazirliyin açıqlamasında bildirilib ki, ABŞ Maliyyə Nazirliyi İrana dron və ballistik raket istehsalında yardım edən iki Ukrayna şirkətinə sanksiya tətbiq edib.
Məlumata görə, şirkətlərdən biri İranın 2023-cü ildən başlayaraq Çindən ballistik raket komponentlərinin almasında vasitəçi rolunu oynayıb.
Digər bir şəbəkə isə İranın dövlət şirkətinə PUA komponentlərinin alınmasında kömək edib.
Bundan əlavə, BƏƏ, Türkiyə, Çin, Hindistan və Almaniyadan da müxtəlif adlar sanksiya siyahısına əlavə edilib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu məhdudiyyətlər İranın PUA və ballistik raket proqramlarına mane olmaq üçündür:
“Amerika son vaxtlar İrana həm ballistik raket proqramına, həm də PUA proqramlarına yardım edən bir sıra şirkətlərə və bu şirkətləri yaradan şəxslərə qarşı sanksiyalar tətbiq edib. Təqribən otuz iki nəfərə qarşı belə sanksiyalar tətbiq olunduğu deyilir. Bunların BƏƏ-nin, İranın, Türkiyənin, Hindistanın, Çinin, Almaniyanın, eyni zamanda Ukraynanın vətəndaşları olduğu deyilir. Ukraynada da fəaliyyət göstərən iki şirkətin də bu sanksiyalara əlavə edildiyi bildirilir. Əlbəttə, bu, kifayət qədər ciddi bir məsələdir. Digər ölkələri başa düşmək olar. Amma bilavasitə Ukrayna şirkətlərinin İrana yardım etməsi və İranın da bundan istifadə edərək Rusiyaya dəstək verməsi və Ukrayna ərazilərinin bombalanması xoş olmayan hadisələrdir. Yəqin ki, bu məsələlər araşdırılacaq və müəyyən tədbirlər görüləcək. Ümumiyyətlə, beynəlxalq münasibətlərə gəldikdə, düşünürəm ki, bu ABŞ-Ukrayna münasibətlərinə zərər vurmayacaq. Amma bütün hallarda bu şirkətlərin fəaliyyətinin artıq qara siyahıya düşdüyünü deyə bilərik. Ukrayna özü də yəqin ki, bu məsələlərdə artıq daha diqqətli olmağa çalışacaq. Yeri gəlmişkən, İran şirkətlərinə qarşı Avropa İttifaqı daha öncə belə məhdudlaşdırıcı tədbirlər görürdü. İndi bu məsələnin Amerikanın da xüsusilə diqqətində olması və həm də digər ölkələrin şəxslərinin, şirkətlərinin bu məsələlərdə olması, görünür, Amerikanı hərəkətə keçməyə məcbur edir. Düşünürəm ki, Amerikanın sanksiyaları ciddi nəticələr doğuracaq. Yəni bu, bütövlükdə İranın raket proqramlarına, həm də PUA istehsalına mənfi təsirini göstərəcək. Ümumiyyətlə, bu sanksiyaların Ukrayna ilə Amerika və Avropa İttifaqı ölkələri arasında iqtisadi-siyasi əlaqələrinə təsirinə gəldikdə isə onu deyə bilərik ki, böyük miqyasda, böyük ehtimalla bu heç bir mənfi təsir göstərməyəcək. Ukrayna həm də Aİ, həm də ABŞ tərəfindən dəstəklənəcək. Düzdür, Amerikanın dəstəyini birbaşa deyil, o, NATO vasitəsilə bu dəstəyi həyata keçirir. Amma mən düşünürəm ki, bu dəstək davam edəcək. Sadəcə hər halda Ukraynaya məxsus hansısa bir şirkətin bu fəaliyyətlərdə görünməsi xoş olmayan bir şeydir. Böyük ehtimalla dövlətlərarası münasibətlərə təsir etməsə də, hər halda bu cür fəaliyyətlərin bundan sonra olmaması üçün yəqin ki, əlavə tədbirlər görüləcək. Amma bu məhdudiyyətlər İranın PUA proqramlarına, eyni zamanda ballistik raket proqramlarına və onun inkişafına mane olmaq məqsədi ilə həyata keçirilir deyə bilərik”.
Lalə Qurbanlı
