“Ukrayna tarixinin ən ağır savaşını aparır ”
Ukraynanın çox sayda aktiv əhalisi ölkəni tərk etdiyi üçün sərhədlərini Asiyadan gələn əməkçi miqrantlar üçün açmalı olacaq.
Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, indiki şəraitdə Ukrayna bu məsələdə maraqlı tərəf kimi görünür:
“Çünki tarixinin ən ağır savaşını aparır və kifayət qədər böyük faciələr yaşamaqdadır. Bütün bunların müqabilində canlı qüvvəsi və texnikası qat-qat üstün olan Rusiya ilə müharibədə canlı qüvvənin də rolu böyükdür. Görünən odur ki, Ukrayna canlı qüvvə baxımından Rusiya ilə başabaş mübarizə apara bilmir və bu da təbii haldır. Çünki 150 milyonluq bir dövlətlə 40 milyonluq dövlət qarşı-qarşıyadır. Canlı qüvvə cəhətdən Rusiyanın Ukrayna ilə müqayisədə 4 qat üstün olduğu bilinir. Ukraynada əhalinin ölkəni tərk etməsinin səbəbləri də hər kəsə aydındır. Artıq 3 ildən çoxdur ki, çox ağır müharibə gedir. Müharibə uzandıqca Rusiya–Ukrayna qarşıdurması Ukraynanın məğlubiyyəti ilə nəticələnmək üzrədir. Artıq ölkə ərazilərinin 30% işğal altına düşüb, müharibə uzandıqca işğalın miqyası da genişlənir, canlı itkilərin sayı durmadan artır. Bütün bunlar təbii olaraq yerli əhalinin ölkəni tərk etməsinə səbəb olur. Bu istənilən müharibə aparan ölkə üçün normal haldır”.
Həmçinin şərhçi yerli əhalinin bu vəziyyətə reaksiyasından da danışıb:
“İnsanlar artıq ölkəni tərk etməklə məşğuldur. Təbii ki, döyüşənlər də az deyil. Məhz buna görə, Ukrayna artıq 3 ildən çoxdur ki, dünyanın ikinci super gücü olan Rusiya ilə başabaş müharibə aparmaqdadır. Bu isə asan məsələ deyil və tarixə düşəcək böyük savaşdır. Yerli əhalinin reaksiyası heç də asan olmayacaq. Ukrayna Türkiyə kimi böyük əhalisi olan bir ölkə deyil. Məsələn, Türkiyə 5 milyon suriyalı qaçqını qəbul edib və daxilində ciddi etirazlar yaşanmayıb. Bəli, müəyyən narazılıqlar olub, amma bunlar kütləvi hal almayıb. Lakin Ukrayna ilə bağlı eyni şeyi demək olmaz, əhali bunu xoş qarşılamayacaq. Nəzərə alsaq ki, müharibə gedir, Ukraynada da düşünən beyinlər az deyil. Onlar digərlərinə də bu vəziyyəti izah edəcəklər. Ukraynaya köç edənlərin müəyyən müsbət tərəfləri ola bilər, çünki bura gələnlər şad-xürrəm həyat sürməyə gəlməyəcəklər. Aralarında muzdla gələnlər, döyüşdə iştirak edənlər də olacaq. Hətta azərbaycanlıların belə bu savaşda iştirak etdiyi görünür. Bu, digər köç edənlərə də şamil olunacaq və sosial siyasətdə də ciddi dəyişikliklərə səbəb olacaq. Hazırda biz bilmirik, gələnlərin miqyası nə qədər olacaq. Ola bilər az sayda insan gəlsin, çünki hər kəs Ukraynaya köçməyə isti yanaşmayacaq. Faktiki olaraq, müharibənin ortasında, yanan bir Ukrayna var. Ona görə də ora gələnlər xoş həyat sürəcəklərini düşünməyəcək, çox çətin bir seçim etdiklərinin fərqinə varacaqlar. Bu baxımdan, milyonların gələcəyini düşünmürəm. Hər şeyi gələcək zaman göstərəcək”.
Nurgül Yusifova
