Ukrayna və Avropa rəsmiləri atəşkəs planını müzakirə edəcək
Ukrayna və Avropa rəsmiləri atəşkəs planının detallarını müzakirə etmək üçün növbəti günlərdə görüş keçirəcək.
Məsələ ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi cəmiyyətin gözləntilərindən də uzun çəkib:
“Əksəriyyət belə hesab edirdi ki, müharibə tezliklə bitəcək. İlk dövrlər İstanbul sülh təşəbbüsləri iflasa uğradı. Bundan sonra sülhün əldə edilməsi üçün heç bir cəhd edilməyib. Tramp prezident seçiləndən sonra müharibənin dayandırılmasına çalışır. Ancaq hələ bir real nəticə yoxdur. Trampın təşəbbüsləri ABŞ-Avropa münasibətlərinə də mənfi təsir göstərib. Üstəlik, Ukraynaya mənfi psixoloji təsirləri olub. Putini beynəlxalq cinayət məhkəməsinin axatarışında olduğu halda Alyaskada qəbul edib. Bununla da onun siyasi reputasiyasını bərpa etməyə imkan yaradıb. İndi də yenidən Budapeştdə görüş barədə danışılır. Tərəflərin - Rusiya, ABŞ, Avropa İttifaqının müharibənin dayandırılması üçün ortaq mövqeyə gələ bilmədikləri gorünməkdədir. Zelenskinin bütün çağırışlarına baxmayaraq Ukrayna ciddi tərəf kimi qəbul edilmir və mövqeyi nəzərə alınmır. Ona görə də muharibənin tezliklə dayandırılması dedikdə, biz yuxarıda qeyd edilən tərəflərin razılaşmasına diqqət yönəltməliyik. Sülh cəbhədəki vəziyyətdən asılı deyil. Ondan kənar maraqlara bağlıdır. Maraqlı qüvvələr razılaşsa sabahdan da atəşkəs elan edilə bilər. Avropa Birliyinə daxil olan ölkələr arasında fikir ayrılıqları muharibə başladığı ilk gündən mövcuddur. Macarıstan və Avropanın slavyan xalqlarından təşkil edilmiş dövlətləri Rusiyanı mudafiə edirlər. Bir sıra ölkələr bitərəf mövqe tutmağa çalışırlar, lakin zamanla bu neytral mövqe kollektiv təşəbbüslərin təzyiqi altında Rusiya əleyhinə yönəldilir. Hazırda müharibənin dayandırılması ilə bağlı da Avropa ölkələri arasında fikir ayrılıqları var. Fərqli fikirlər Avropanın təhlükəsizliyi, Rusiyanın gələcək aqressiyası, Ukraynanın ərazi bütövlüyü və iqtisadi, siyasi maraqlarla bağlıdır”.
Çimnaz Telmanqızı
