00:00:00
Yazar
Elmira Ağayeva
02.11.2026 22:41 25 3 dəq oxuma
Dünya

Ukrayna və Rusiyada saxta nüvə hücumu xəbərdarlıqları: Hakerlər əhali arasında təşviş yaratdı

Ukrayna və Rusiyada saxta nüvə hücumu xəbərdarlıqları: Hakerlər əhali arasında təşviş yaratdı

 

Ukrayna və Rusiyada hava hücumu xəbərdarlığı tətbiqlərinin sındırılması nəticəsində minlərlə istifadəçiyə saxta təhlükə bildirişləri göndərilib. Nüvə hücumu, radiasiya təhlükəsi və küçə döyüşləri barədə yayılan məlumatlar, xüsusilə müharibənin gündəlik həyatın bir hissəsinə çevrildiyi Ukraynada narahatlıq yaradıb.

Hadisə bazar günü gecə baş verib. Ukraynada geniş istifadə olunan “Air Alarm” tətbiqi ölkə üzrə qırmızı səviyyəli hava hücumu xəbərdarlıqları yayıb. Bəzi istifadəçilərə radiasiya və kimyəvi hücumlar, eləcə də küçə döyüşləri barədə əlavə bildirişlər də göndərilib.

Kiyev sakini Olena həmin gecə aldığı xəbərdarlıqların onda qorxu yaratdığını bildirib. O, BBC Radio 4-ün “Today” proqramına açıqlamasında elektrik enerjisinin, istiliyin və suyun kəsilməsinə hazır olduğunu, lakin nüvə hücumu ehtimalını heç vaxt düşünmədiyini deyib.

“İlk düşündüyüm bu oldu: ‘Aman Allahım, mən buna hazır deyiləm’”, – deyə Olena bildirib.

Onun sözlərinə görə, həyat yoldaşına da Kiyevdə küçə döyüşlərinin başladığı barədə bildirişlər gəlib. Daha sonra rus dilində başqa bir xəbərdarlıq alıb. Bu isə ailədə tətbiqin sındırıldığına dair şübhələr yaradıb. Çünki normal şəraitdə bildirişlər ukrayna dilində göndərilir.

Hadisədən sonra Ukrayna Hərbi Hava Qüvvələri əhaliyə müraciət edərək radiasiya təhlükəsinin olmadığını açıqlayıb. Qurum sakinləri sakit olmağa və yalnız rəsmi məlumat kanallarını izləməyə çağırıb. Hökumət təhlükəsizlik tədbirləri çərçivəsində tətbiqin fəaliyyətini müvəqqəti dayandırıb.

Bir neçə saat sonra Rusiyada da oxşar kiberhücum qeydə alınıb. Rusiya rəsmiləri hava hücumu xəbərdarlığı tətbiqlərindən birinin kütləvi kiberhücuma məruz qaldığını və istifadəçilərə saxta məlumatlar göndərildiyini bildiriblər.

“Telegram” platformasında yayılan saxta bildirişlərdən birində Ukraynaya məxsus hücum dronları vasitəsilə Rusiyanın bütün regionlarına nüvə başlıqlarının göndərildiyi iddia olunub. Təhqiramiz ifadələrin də yer aldığı mesajda sakinlərə üç həftəlik ərzaq ehtiyatı toplamaq və sığınacaqlarda gizlənmək tövsiyə edilib.

Bununla belə, hadisənin Rusiyada genişmiqyaslı təşvişə səbəb olduğuna dair məlumat yayılmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi tətbiqin fəaliyyətinin günün sonunadək tam bərpa ediləcəyini açıqlayıb. Nazirlik kiberhücumun ölkənin ümumi xəbərdarlıq sisteminə təsir etmədiyini də vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov konkret hadisəni şərh etməsə də, Rusiya dövlətinin internet resurslarının davamlı olaraq kiberhücumlara məruz qaldığını bildirib. Onun sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı bu cür hücumların sayının artmasına təsir göstərir.

Kibertəhlükəsizlik mütəxəssisləri hadisənin arxasında Moskva və ya Kiyevlə müəyyən əlaqələri olan, lakin rəsmi dövlət göstərişi əsasında fəaliyyət göstərməyən haker qruplarının dayana biləcəyini ehtimal edirlər. Bununla belə, hücumun konkret kimlər tərəfindən həyata keçirildiyi hələ müəyyənləşdirilməyib.

Ukrayna parlamentinin Xarici əlaqələr komitəsinin sədri Oleksandr Merejko bildirib ki, ölkə əhalisi, xüsusilə də Kiyev sakinləri, davamlı hava hücumu xəbərdarlıqlarına artıq öyrəşiblər. O, saxta bildirişlərin rus dilində göndərilməsinin insanlarda dərhal şübhə yaratdığını qeyd edib.

Stanford Universitetinin kibersiyasət və təhlükəsizlik üzrə tədqiqatçısı Herbert Lin isə bunun Ukraynanın rəsmi məlumatlandırma tətbiqinə qarşı həyata keçirilən ilk belə hücum ola biləcəyini bildirib. Onun fikrincə, gələcəkdə oxşar hadisələrin təkrarlanması mümkündür.

Saxta xəbərdarlıqların Ukraynanın Xerson vilayətində tətbiq edilən lokal atəşkəsin başa çatmasına bir neçə dəqiqə qalmış göndərilməsi də diqqət çəkib. Atəşkəs Rusiyanın nəzarətində olan Oleşki şəhərindən mülki əhalinin təxliyəsinə şərait yaratmaq məqsədi daşıyıb.

Bununla yanaşı, atəşkəs müddətində cəbhənin digər istiqamətlərində döyüşlər davam edib. Dnipro şəhərində cümə axşamı dəmiryol platformasına edilən hücum nəticəsində 15 nəfər həlak olub.

2022-ci ilin fevralından davam edən Rusiya-Ukrayna müharibəsi təhlükələri yalnız döyüş meydanında deyil, rəqəmsal müstəvidə də artırır. Son hadisə göstərir ki, insanların təhlükəsizliyini təmin etmək üçün yaradılan hava hücumu xəbərdarlığı sistemləri də kiberhücumların hədəfinə çevrilə bilər. Belə saxta bildirişlər real hücum baş verməsə belə, müharibə şəraitində yaşayan insanların narahatlığını daha da artırır.

BBC NEWS

Nuray Dadaşzadə

#əhali #xəbərdarlıqları: #gündəm #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər