00:00:00
Yazar
Ayan Sadi
03.11.2026 22:01 24 3 dəq oxuma
Dünya

Ukrayna və Rusiyada saxta nüvə hücumu xəbərdarlıqları: Hakerlər insanları təşvişə saldı

Ukrayna və Rusiyada saxta nüvə hücumu xəbərdarlıqları: Hakerlər insanları təşvişə saldı

Ukrayna və Rusiyada hava hücumu xəbərdarlığı tətbiqlərinin sındırılması nəticəsində minlərlə istifadəçiyə saxta təhlükə mesajları göndərilib. Nüvə hücumu, radiasiya təhlükəsi və küçə döyüşləri barədə yayılan bildirişlər xüsusilə müharibənin gündəlik həyatın bir hissəsinə çevrildiyi Ukraynada narahatlıq yaradıb.

 

Hadisə bazar günü gecə baş verib. Ukraynada geniş istifadə olunan “Air Alarm” tətbiqi ölkə üzrə qırmızı səviyyəli hava hücumu xəbərdarlıqları yayıb. Bəzi sakinlərə isə radiasiya və kimyəvi hücumlar, eləcə də küçə döyüşləri barədə əlavə bildirişlər göndərilib.

 

Kiyev sakini Olena həmin gecə aldığı xəbərdarlıqların onda qorxu yaratdığını bildirib. O, BBC Radio 4-ün “Today” proqramına açıqlamasında elektrik enerjisinin, istiliyin və suyun kəsilməsinə hazır olduğunu, lakin nüvə hücumu ehtimalını düşünmədiyini deyib.

 

“İlk düşündüyüm bu oldu: ‘Aman Allahım, mən buna hazır deyiləm’”, – Olena bildirib.

 

Onun sözlərinə görə, həyat yoldaşına Kiyevdə küçə döyüşləri barədə də bildirişlər gəlib. Daha sonra rus dilində yazılmış başqa bir xəbərdarlıq alıb. Bu zaman ailə tətbiqin sındırıldığından şübhələnib. Çünki normal şəraitdə bildirişlər ukrayna dilində göndərilir.

 

Ukrayna Hərbi Hava Qüvvələri hadisədən sonra əhaliyə müraciət edərək radiasiya təhlükəsinin olmadığını açıqlayıb. Qurum sakinləri sakit olmağa və yalnız rəsmi məlumat kanallarını izləməyə çağırıb. Hökumət isə təhlükəsizlik tədbirləri çərçivəsində tətbiqi müvəqqəti olaraq deaktiv edib.

 

Hadisədən bir neçə saat sonra Rusiyada da oxşar kiberhücum qeydə alınıb. Rusiya rəsmiləri hava hücumu xəbərdarlığı tətbiqlərindən birinin kütləvi kiberhücuma məruz qaldığını və istifadəçilərə saxta məlumatlar göndərildiyini bildiriblər.

 

Telegram-da yayılan saxta bildirişlərdən birində Ukraynaya məxsus hücum dronları ilə Rusiyanın bütün regionlarına nüvə başlıqlarının buraxıldığı iddia edilib. Təhqiramiz ifadələrin də yer aldığı mesajda sakinlərə üç həftəlik ərzaq ehtiyatı toplamaq və gizlənmək tövsiyə olunub.

 

Bununla belə, hadisənin Rusiyada genişmiqyaslı panikaya səbəb olduğuna dair məlumat yayılmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi tətbiqin tam fəaliyyətinin günün sonunadək bərpa ediləcəyini açıqlayıb. Nazirlik kiberhücumun ümumi xəbərdarlıq sisteminə təsir etmədiyini də vurğulayıb.

 

Kremlin sözçüsü Dmitri Peskov isə konkret hadisəni şərh etməsə də, Rusiya dövlətinin internet resurslarının davamlı kiberhücumlara məruz qaldığını bildirib. Onun sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı bu cür hücumların artmasına təsir göstərir.

 

Kiber təhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, hadisənin arxasında Moskva və ya Kiyevlə müəyyən əlaqələri olan, lakin rəsmi dövlət göstərişi ilə fəaliyyət göstərməyən haker qrupları dayana bilər. Bununla belə, hücumun kimlər tərəfindən həyata keçirildiyi hələ dəqiq müəyyənləşdirilməyib.

 

Ukrayna parlamentinin Xarici əlaqələr komitəsinin sədri Oleksandr Merejko bildirib ki, ölkə əhalisi, xüsusilə də Kiyev sakinləri, davamlı hava hücumu xəbərdarlıqlarına artıq öyrəşiblər. O, saxta mesajların rus dilində göndərilməsinin insanlarda dərhal şübhə yaratdığını qeyd edib.

 

Stanford Universitetinin kiber siyasət və təhlükəsizlik üzrə tədqiqatçısı Herbert Lin isə bu hadisənin Ukraynanın rəsmi məlumatlandırma tətbiqinə qarşı ilk belə hücum ola biləcəyini bildirib. Onun fikrincə, gələcəkdə oxşar hadisələrin təkrarlanması mümkündür.

 

Saxta xəbərdarlıqların Ukraynanın Xerson vilayətində tətbiq olunan lokal atəşkəsin başa çatmasına bir neçə dəqiqə qalmış göndərilməsi də diqqət çəkib. Atəşkəs Rusiyanın nəzarətində olan Oleşki şəhərindən mülki əhalinin təxliyəsinə şərait yaratmaq məqsədi daşıyırdı.

 

Bununla yanaşı, atəşkəs müddətində cəbhənin digər istiqamətlərində döyüşlər davam edib. Dnipro şəhərində cümə axşamı qatar platformasına edilən hücum nəticəsində 15 nəfər həyatını itirib.

 

Ukrayna ilə Rusiya arasında 2022-ci ilin fevralından davam edən müharibə yalnız döyüş meydanında deyil, rəqəmsal müstəvidə də təhlükələrin artmasına səbəb olur. Son hadisə göstərir ki, hava hücumu xəbərdarlığı kimi insanların təhlükəsizliyi üçün nəzərdə tutulan sistemlər belə kiberhücumların hədəfinə çevrilə bilər. Saxta mesajlar isə real hücum olmasa belə, müharibə şəraitində yaşayan insanların narahatlığını daha da artıra bilər.

 

 

Nuray Dadaşzadə

 

#təşvişə #saldı #insanları #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər