Ukrayna XİN başçısı İranın təhdidlərinə cavab verib: Tehran Ukraynaya qarşı təcavüzün şərikidir
Ukraynanın xarici işlər naziri Andriy Sıbiha İranın xarici işlər naziri Abbas Əraqçinin bəyanatına cavab olaraq Tehranın ittihamlarını əsassız adlandırıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, hazırkı vəziyyətdə İran Rusiya ilə əməkdaşlıq edir və Rusiyanın qarşısındakı bütün qüvvələri vahid düşmən hesab edir:
“Bu baxımdan Ukraynanın İranı ittiham etməsi məntiqli və başa düşüləndir. Lakin bunun arxasında duran əsas səbəb, heç şübhəsiz ki, İranın Xəzər dənizi üzərindən konteyner gəmiləri vasitəsilə Rusiyaya silah daşıması ilə bağlı iddialardır.
Ukrayna bu məsələni beynəlxalq gündəmə çıxarmağa nail olub və müharibə fonunda beynəlxalq aləmdə mövqeləri kifayət qədər güclüdür. Məncə, İran bu münaqişədə özünü daha fərqli təhdid və düşmənlərlə üz-üzə qalmağa hazırlamalıdır. Çünki atdığı addımlar problemi daha da qlobal xarakterə çevirir və dünyada ona qarşı olan ölkələrin sayını artırır.
İranın beynəlxalq aləmdəki mövqeyi və Qərblə münasibətlərinə gəldikdə isə hesab edirəm ki, həm Avropa İttifaqı xətti ilə, həm də Ukrayna məsələsi fonunda Avropada formalaşan imici kifayət qədər zədələnib və bu vəziyyətin yaxın perspektivdə həll olunması mümkün görünmür.
Hazırkı vəziyyətdə İranı ayaqda saxlayan yalnız daxili hərbi və dini müqavimət gücü deyil. Ölkənin əlindəki enerji resursları, eləcə də Hörmüz və Bab əl-Məndəb boğazları üzərindəki geostrateji təsir imkanları da mühüm rol oynayır. Əks halda, Avropa və digər ölkələr bu ticarət yollarını nəzərə almasaydılar, İranın məğlubiyyəti istiqamətində daha sərt addımlar çoxdan atılmış olardı”.
Səadət Əlizadə