"Ukraynadakı münaqişənin həll ilə bağlı şərtlər dəyişməz qalır"
Rusiya lideri vurğulayıb ki, əsas hədəf bu ölkədəki böhranın aradan qaldırılması və Rusiyanın təhlükəsizliyinin təminatıdır.Vladimir Putin şəxsən özünün Ukraynada uzunmüddətli sülhün tərəfdarı olduğunu bəyan edib. Onun toxunduğu daha bir məsələ Rusiya və Ukraynanın təhlükəsizliyi ilə bağlı olub"Bildiyiniz kimi, yaxın zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir məlumatla çıxış edib ki, avqustda Ukrayna-Rusiya müharibəsinin həlli ilə bağlı Rusiya və Ukrayna arasında görüş baş tutub və bu görüş, böyük ehtimalla, birinci şəxslər arasında keçirilib. İstanbul görüşü öncəsində Ukrayna Prezidenti Zelenski də belə bir bəyanatla çıxış etmişdi ki, bu görüşün bir başa Rusiya Prezidenti və Ukrayna Prezidenti arasında keçirilməsi daha faydalı olar, çünki qərar verən əsas şəxslər onlardır və bu, stabil sülhə yol aça bilər. Bununla bağlı Ərdoğanın verdiyi açıqlamaya əsasən, belə bir görüşün baş tutduğu ehtimalı yüksəkdir. Ona görə ki, sentyabr ayında Pekində, böyük ehtimalla, ABŞ Prezidenti Donald Trampla, Rusiya Prezidenti Vladimir Putin və Çin dövlət başçısının görüşü planlaşdırılır. Bu görüş, İkinci Dünya Müharibəsinin bitməsinin ildönümünə təsadüf edir. Bildiyiniz kimi, Avropada müharibə may ayında sona çatsa da, Sakit okean hövzəsində müharibə sentyabr ayında bitmişdi. Buna görə də Çində belə bir görüşün baş tutması ehtimalı yüksək qiymətləndirilir. O zamana kimi yəqin ki, Rusiya ilə Ukrayna arasında müəyyən irəliləyiş, yəni görüş baxımından bir addım atıla bilər. Lakin Rusiya Prezidenti Vladimir Putin belə bir bəyanatla çıxış edib: "Biz yalnız o halda Ukrayna ilə yenidən sülh masası arxasına otura bilərik ki, Rusiya tərəfinin 2024-cü ilin iyul ayında verdiyi təkliflər qəbul olunsun." Bu şərtlər isə Ukrayna üçün olduqca ağırdır. Belə ki, Ukrayna öz ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməli və həmin əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımalıdır. Digər tərəfdən, Ukrayna Kursk vilayətindən ordusunu çıxarmalı, NATO-ya üzv olmamaq və Avropa İttifaqına qoşulmamaq öhdəlikləri götürməlidir. Təbii ki, bu şərtlər Ukrayna üçün qəbuledilməzdir. Rusiya tərəfi belə deyir: “Əvvəlcə bizim şərtləri qəbul edin, sonra atəşkəsə razılaşarıq.” Ukrayna isə təklif edir ki, əvvəlcə 60 günlük bir atəşkəs elan olunsun, sonra danışıqlar masası arxasına oturulsun. Bugünkü vəziyyətdə isə Rusiya-Ukrayna müharibəsi davam edir. Bu arada, ABŞ-də Trampın mövqeyində də müəyyən dəyişikliklər müşahidə olunur. Artıq ABŞ hökuməti Ukraynaya 1 milyard dollara yaxın yardım ayırmaq haqqında qərar verib.
Digər tərəfdən, Avropa İttifaqına üzv olan NATO dövlətləri də intensiv şəkildə Ukraynaya yardım etmək niyyətindədir. Bu dövlətlər hesab edirlər ki, artıq müharibə onların qapısına dayanıb. Xüsusilə Almaniya və ABŞ arasında aparılan danışıqlar nəticəsində, təxminən 17 Patriot hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi nəzərdə tutulur. Artıq onlardan üçü yoldadır. Bu sistemlərdən ikisinin maliyyə yükünü Almaniya, birini isə Norveç öz üzərinə götürüb. Bu danışıqlardan konkret nəticə əldə olunacağı ehtimalı isə çox azdır. Hazırda dünyada bir çox müharibə ocaqları mövcuddur. Bu münaqişələrin əksəriyyəti, xüsusilə də Rusiya-Ukrayna qarşıdurması, 2014-cü ildən sonra alovlanmağa başlamışdır. Tramp çalışır ki, bu münaqişə ocaqları, yəni mövcud müharibələr minimuma endirilsin. Lakin bütün səylərə baxmayaraq, Rusiyanın geosiyasi ambisiyaları böyükdür. Beynəlxalq ictimaiyyət isə hesab edir ki, Rusiyanın irəli sürdüyü bu ağır şərtlərə razılaşmaq mümkün deyil. Eyni zamanda, Türkiyə, Azərbaycan, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Fransa və digər ölkələr Ukraynanın ərazi bütövlüyünü tanıyır və bütün danışıqların bu prinsiplər əsasında aparılmasını istəyirlər. Uzunmüddətli sülh və təhlükəsizlik təminatı dedikdə, Rusiya belə başa düşür ki, Ukrayna Rus ordusu tərəfindən işğal olunmuş əraziləri yəni, dörd vilayəti, eləcə də Krımı Rusiyanın ərazisi kimi tanımalıdır. Əlbəttə, bu cür şərtləri Ukrayna tərəfi qəbul etməyəcək. Hətta qəbul etsə belə, bu məsələ referenduma çıxarılmalıdır. Çünki burada söhbət Ukraynanın BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməsindən gedir. Belə bir referendumun keçirilməsi üçün isə azı 1-2 il vaxt tələb olunur ki, bu da real və praktik görünmür. Digər tərəfdən, bu gün Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini tanımadığını bildirir. Əgər qarşı tərəfin legitimliyini tanımırsa, onunla imzalanacaq istənilən sənədin hüquqi taleyi də sual altına düşür. Bütün bu amilləri nəzərə alsaq, Ukrayna ilə Rusiya arasında yaxın vaxtlarda sabit və uzunmüddətli sülhün əldə olunması ehtimalı çox azdır. Ona görə də bu danışıqların perspektivası yoxdur".
Səmayə Səftərova