00:00:00
Yazar
Admin User
18.09.2023 17:12 412 2 dəq oxuma
Dünya

Ukraynalı qaçqınlar Polşa və Almaniya arasında gərginliyə səbəb olub

Ukraynalı qaçqınlar Polşa və Almaniya arasında gərginliyə səbəb olub

Ukraynalı qaçqınlar Polşa və Almaniya arasında gərginlik yaratmağa başlayıb. Səbəb Polşada sığınacaq tapan ukraynalıların Almaniyaya kütləvi köçüdür. Kritik işçi böhranı yaşayan Berlin isə bu prosesdə olduqca maraqlıdır. Hətta Almaniya hökuməti Polşada məskunlaşan ukraynalı qaçqınların ölkəyə axınını təmin etmək üçün müəyyən addımlar da atır. Bu isə öz növbəsində işçi qüvvəsi kimi ukraynalılara arxalanan rəsmi Varşavanın etirazına səbəb olur. 


İşçi qüvvəsinə ehtiyac duyan Almaniya və Polşa ukraynalı qaçqınları bölüşə bilmir. Qaçqınları xüsusi resurs olaraq qiymətləndirən rəsmi Berlin ukraynalıların ölkəyə kütləvi cəlbi üçün yollarını axtarır. Hətta bu istiqamətdə müəyyən addımlar da atılır. Almaniya illər sonra ​​keçmiş kansler Angela Merkelin "yüksək mənəvi qayğı" adlı ideyanın yenidən tətbiqini nəzərdə tutur. Vaxtilə yoxsul ölkələrdən, xüsusən də Afrika, Asiya və Yaxın Şərqdən miqrant axınına hesablanmış ideyanın bu dəfəki hədəfi ukraynalılardır. Qaçqınlara yüksək maaş və digər dövlət müavinətləri vəd edən Berlin bir çox bölgələrdə ukraynalıları pulsuz sosial evlərlə də təmin edir. Miqrantların sənəd işlərinidəki prosedurları sadələşdirən dövlət rəsmiləri onların sığınacaq almaq üçün uzun bürokratik mərhələləri keçməyə də məcbur etmir.


Görülən işlərsə öz bəhrəsini verir. Avropalı sosioloqların araşdırmaları onu göstərir ki, Polşanı tərk edən ukraynalıların sayında artım müşahidə olunur. Almaniya isə son bir neçə ayda ən çox ukraynalı qaçqına ev sahibliyi edən ölkə kimi Polşanı ötüb. Bir il ərzində Almaniyada qeydiyyatda olan Ukrayna vətəndaşlarının sayında 410 mindən çox artım olduğu halda, Polşada 350 min azalma qeydə alınıb. 2023-cü ilin iyun ayına olan digər məlumatlara görə, Almaniyada 1,1 milyon, Polşada isə 975 min ukraynalı qaçqın yaşayır. Bu da cəmi bir il yarım ərzində Almaniyaya üz tutan ukraynalıların sayının altı dəfə artması deməkdir. Analitiklər müharibənin davam edəcəyi və mövcud miqrasiya meyllərinin eyni səviyyədə qalacağı təqdirdə ukraynalıların gələn il Almaniyada ən böyük etnik qrup olacağı fikrindədirlər.

 

Rəsmi Varşava bu vəziyyətdən  məmnun olmasa da ukraynalıların ölkəni tərk etməsinə əsas səbəb heç də  Almaniyanın şirin vədləri deyil. Hökumətin qaçqınlara maliyyə dəstəyini azaltması ilə paralel polşalılar arasında ukraynalılara qarşı narazılığın artması da köçü tətikləyən başlıca faktordur. Digər bir nüans isə əmək haqqı baxımından Polşanın hələ də Qərbi Avropa ölkələri, xüsusən Almaniya ilə rəqabət apara bilməməsidir. Almaniyaya gedən ukraynalıların 44 faizi burada daimi məskunlaşmağı planlaşdırdığı halda yalnız 13 faizi Polşaya qayıtmağı düşünəcəklərini bildirir. Məhz bu amillər ukraynalılar arasında ilk seçim kimi Polşanın üstün unikallığını itirməsi ilə nəticələnir. Bu qədər qaçqının itkisi isə rəsmi Varşava üçün heç də yaxşı gələcək vəd etmir. Ekspertlərin rəylərinə görə, illərdir işçi qüvvəsi kimi ukraynalılara arxalanan Polşanın qaçqınları itirməsi ölkənin iri bizneslərinə təsirsiz ötüşməyəcək. 

 

İsmayıl

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər