Ukraynanı dəstəkləməyə davam edəcəyik…
2026-cı ildə Avropa Komissiyası Kremlə təzyiqi artırmağa, Ukraynanı dəstəkləməyə və onu AB-yə üzvlük yolunda fəal şəkildə müşayiət etməyə davam edəcək.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Avropa Komissiyasının Ukraynaya dəstəyi davam etdirmək və Kremlə təzyiqləri artırmaq niyyəti Avropa-Rusiya münasibətlərində gərginliyin daha da dərinləşəcəyini göstərir:
“Bu siyasət Moskva tərəfindən açıq şəkildə düşmən mövqe kimi qəbul olunur və dialoq imkanlarını minimuma endirir. Sanksiyaların genişlənməsi, iqtisadi və texnoloji məhdudiyyətlərin sərtləşdirilməsi Rusiya-Aİ münasibətlərində uzunmüddətli etimadsızlıq mühitini möhkəmləndirə bilər. Eyni zamanda, bu proses Avropanın təhlükəsizlik arxitekturasını daha sərt və bloklaşan hala gətirir. Nəticədə Avropa ilə Rusiya arasında qarşılıqlı asılılıq modeli zəifləyir, yerini siyasi və strateji qarşıdurma tutur.
Rusiyanın bu qərarlara cavabı isə çoxşaxəli ola bilər. Moskva ilk növbədə siyasi ritorikanı sərtləşdirərək Avropa İttifaqını münaqişəni dərinləşdirməkdə ittiham edə bilər. Paralel olaraq enerji, ticarət və regional təhlükəsizlik məsələlərində təzyiq rıçaqlarından istifadə etməsi mümkündür. Rusiya həmçinin Asiya və Qlobal Cənub ölkələri ilə əlaqələrini gücləndirərək Qərbin təsirini balanslaşdırmağa çalışacaq. Bununla yanaşı, informasiya və diplomatik müstəvidə Avropanın birliyini zəiflətməyə yönəlik addımların artması da istisna edilmir. Bu isə yaxın illərdə Avropa-Rusiya münasibətlərinin daha mürəkkəb və proqnozlaşdırılması çətin mərhələyə daxil olacağını göstərir”.
Səadət Əlizadə
