Ukraynanın hücumları Moskvanın cavab strategiyasını necə dəyişəcək?-ŞƏRH
Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına son hücumları ciddi ziyana səbəb olmayıb. Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Delovaya Rossiya” təşkilatının nümayəndələri ilə görüşündə bildirib.Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bir gün əvvəl Rusiyanın bir neçə neft emalı zavoduna zərbələr endirməyə cəhd edib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildoirib ki, Putinin bu bəyanatı Moskvanın cavab tədbirlərini davam etdirəcəyinə dair mesaj verməsinin göstəricisidir:
“Vladimir Putinin son açıqlamasında diqqətçəkən əsas məqam Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının nəticələrini kiçiltməklə yanaşı, Moskvanın cavab tədbirlərini davam etdirəcəyinə dair mesaj verməsidir. Rusiya rəhbərliyi bununla həm ölkə daxilində enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları azaltmağa, həm də Ukraynaya qarşı həyata keçirilən zərbələri əsaslandırmağa çalışır. Xüsusilə Putinin “onlar ilk addımı atdılar, biz isə cavab verməyə başladıq” ifadəsi hərbi əməliyyatların növbəti mərhələsində enerji obyektlərinin daha çox hədəfə çevrilə biləcəyi ehtimalını gündəmə gətirir. Bununla belə, həmin bəyanatı Rusiyanın genişmiqyaslı yeni hücum əməliyyatına başlayacağı barədə qəti qərar kimi qiymətləndirmək düzgün olmaz. Moskva Ukraynanın enerji və sənaye infrastrukturuna zərbələri artırmaqla Kiyevin iqtisadi imkanlarını zəiflətməyə və danışıqlarda əlavə təzyiq vasitələri əldə etməyə çalışa bilər. Belə bir ssenari isə müharibənin daha da uzanmasına və tərəflər arasında qarşılıqlı hücumların intensivləşməsinə səbəb ola bilər.Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına hücumları müharibədə enerji infrastrukturunun strateji hədəf kimi əhəmiyyətinin daha da artdığını göstərir”.
Züriyə Qarayevanın sözlərinə görə, Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına hücumları müharibədə enerji infrastrukturunun strateji hədəf kimi əhəmiyyətinin daha da artdığını göstərir:
“Əslində, bu hücumlar yeni başlamayıb, lakin onların miqyası və coğrafiyası genişləndikcə qarşıdurmanın iqtisadi tərəfi daha qabarıq görünür. Ukrayna bununla Rusiyanın yanacaq təminatına, enerji gəlirlərinə və hərbi əməliyyatları maliyyələşdirmək imkanlarına təsir göstərməyə çalışır. Putinin son hücumların ciddi ziyan vurmadığını bildirməsinə baxmayaraq, bu cür zərbələrin uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatı üçün müəyyən çətinliklər yaratması mümkündür. Digər tərəfdən, Rusiyanın Ukraynanın elektrik enerjisi və digər infrastruktur obyektlərinə hücumları xüsusilə qış mövsümü ərəfəsində humanitar vəziyyəti ağırlaşdıra bilər. Bütün bunlar müharibənin tamamilə yeni mərhələyə keçdiyini qəti söyləməyə əsas verməsə də, enerji infrastrukturu üzərindən aparılan qarşılıqlı təzyiqin gücləndiyini və diplomatik həll imkanlarının əlavə çətinliklərlə üzləşdiyini göstərir”.
Zəri Bayramlı