Ukraynaya yardımı dayandırdıq
Ağ Evin mətbuat katibi Karolina Levitt brifinqdə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı korrupsiya səbəbindən Kiyevə sonsuz yardımı dayandırıb.
"Tramp Amerika vergi ödəyicilərinin pullarının sui-istifadə edildiyinə inandığı üçün davamlı yardım göstərməyi dayandırıb",- deyə Levitt bildirib.
O, vurğulayıb ki, ABŞ Ukraynaya pulsuz silah vermək əvəzinə, onları NATO ölkələrinə satmağa başlayıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Ukraynaya yardımın müharibədə nəticəyə yol açmadığını anlayır:
“Məlumdur ki, Ukrayna hazırda ciddi müharibə böhranı içərisindədir. Rusiya kimi dünyanın böyük güc sahiblərindən biri ilə, nəhəng imperiya siyasəti yürüdən dövlətlə üz-üzədir. Burada ona Qərbin dəstəyi kifayət etmir. Belə bir dağıdıcı gücün qarşısında Ukrayna liderindən tam mükəmməl idarəçilik ummaq, əks halda yardımı dayandırmaq ədalətli qərar deyil. ABŞ-nin Ukraynaya yardımı dayandırmasını Trampın sülh planına məcburetmə vasitəsi də saymaq olar. Hər halda anlaşılmaz qərara bənzəsə də, lakin şübhə yoxdur ki, addımın mahiyyətində məqsədlər var. Korrupsiya ilə mübarizəylə bağlı Ukrayna hakimiyyətinə müvafiq layihələr və dəstək təklif etmək olardı. Eyni zamanda bu tələblərin zəruri olduğunu elan etmək mümkün idi. Lakin dərhal yardımı dayandırmaq daha çox bəhanəyə oxşayır. Təbiidir ki, ABŞ anlayır ki, Ukraynaya yardım müharibədə nəticəyə yol açmır. Lazımsız və ABŞ-nin maraqlarına uyğun olmayan müharibə əsasən Avropa üçün lazımdır. NATO ölkələrinə silah satmaqla bir növ özünü bu müharibədən uzaq tutmağa çalışır. Maliyyə maraqları üçün bu addım ABŞ üçün faydalı olsa da, siyasi baxımdan ziyanlıdır. Çünki Ukraynada bu yardımın kəsilməsi səbəbi ilə vəziyyətin ağılaşması və regionda balansın pozulması ABŞ-nin digər maraqlarına ziyan vuracaq, həmçinin Rusiyanın xeyrinə qiymətləndiriləcək. Başqa maraqları kənara qoyub yalnız maliyyə maraqlarını əsas götürmək dövlət idarəçiliyində yox, biznesdə, ticarətdə vacibdir. Siyasət isə ticarət deyil. Düşünürəm ki, ABŞ-nin bu addımı, sülh planının həyata keçmədiyi təqdirdə Ukraynanın zəifləməsinə gətirib çıxaracaq”.
Lalə Qurbanlı
