Ümid edirik, ABŞ bu tarixə kimi addımını atacaq
Suriyanın iqtisadiyyat naziri Məhəmməd Nidal əş-Şəar bildirib ki, Suriya hökuməti ümid edir ki, ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar yaxın aylarda rəsmən ləğv olunacaq.
“Biz bu istiqamətdə başlanan düzgün yolu davam etdirmək üçün müəyyən səylər göstərməli və lobbiçilik işi aparmalıyıq. Ümid edirik ki, ilin sonuna qədər qanun layihəsi prezidentə təqdim olunacaq və o, sənədi imzalayacaq”, – Şəar qeyd edib.
Məsələ ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etməsinin ləngiməsi İsrailin təsiri ilə bağlı ola bilər.
“Təbii ki, ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etməsinin vaxtı çatsa da, ola bilsin, İsrailin təsiri nəticəsində bu ləngiyir. İsrail bölgədə ümumiyyətlə, nəinki güclü, hətta ayaq üstə dura bilən müstəqil dövlət görmək istəmir. Buna baxmayaraq, Türkiyənin ABŞ ilə münasibətlərinin inkişafı zəminində Suriyaya qarşı olan sanksiyaların ləğvi gözlənilir. Suriyada iqtisadi vəziyyətin qaydaya düşməsi zəruridir. Regiondakı güc balansının nizama salınması Türkiyə və müəyyən qədər də ABŞ-nin maraqlarına uyğun olsa belə, İsrail əsla bunu istəmir. Ancaq buna baxmayaraq tədricən güc balansı tənzimlənəcək”.
Lalə Qurbanlı
