Universitetlərdə boş qalan yerlərlə ixtisas seçimi
Tələbələr nə etməlidir?
Qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra bəzi ixtisaslarda boş yerlər qalır. Bu mərhələdə abituriyentlər ixtisas seçimini daha diqqətlə etməli, balların necə dəyişəcəyini və boş yerlərə müraciət qaydalarını nəzərə almalıdır.
Mövzu ilə əlaqədar təhsil üzrə ekspert Kamran Əsədov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ali təhsil sistemində hər il təkrar olunan ən ciddi problemlərdən biri qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra plan yerlərinin tam dolmaması və minlərlə boş yerin qalmasıdır:
“Dövlət İmtahan Mərkəzinin 2025-ci il statistikasına görə, ali məktəblərə qəbulda iştirak edən 115 mindən çox abituriyentdən yalnız 57 mindən bir qədər çoxu qəbul olunub, nəticədə 3 mindən artıq boş yer qalıb. Bu o deməkdir ki, dövlət tərəfindən ayrılmış maliyyə resursları tam istifadə olunmur, universitetlərdə fakültə və ixtisasların real komplektləşdirilməsi təmin edilmir, əmək bazarı ilə təhsil sistemi arasındakı ziddiyyətlər daha da dərinləşir”.
Kamran Əsədov qeyd edib ki, boş yerlərin hansı ixtisaslarda toplandığına diqqət yetirdikdə aydın görünür ki, ən çox boşluq pedaqoji sahələrdə, kənd təsərrüfatı, ekologiya, regionşünaslıq, filologiya və digər humanitar istiqamətlərdə müşahidə olunur:
“Bunun səbəbi sadədir: əmək bazarında bu ixtisaslara tələbat azdır, məzunların işlə təmin olunması zəifdir və gənclər gələcək perspektivlərini qeyri-müəyyən görürlər. Əvəzində tibb, informasiya texnologiyaları, mühəndislik və beynəlxalq münasibətlər kimi sahələrdə plan yerləri tam dolur, hətta yüksək rəqabət və balların ciddi artımı müşahidə edilir. Bu vəziyyət tələbələrin maraqları ilə dövlətin təklif etdiyi ixtisas planlaşdırması arasında balanssızlığı açıq şəkildə ortaya qoyur.
Boş qalan yerlərin ikinci seçim mərhələsində necə doldurulduğu da diqqətəlayiqdir. Qanunvericiliyə görə, qəbul qaydaları dəyişmir, sadəcə boş qalan yerlər üçün əlavə seçim elan olunur. Amma burada balların nisbi enməsi qaçılmazdır. Məsələn, 2023-cü ildə 500 bal tələb olunan bəzi ixtisaslara ikinci mərhələdə 420–430 balla qəbul olmaq mümkün olub. Bu, bir tərəfdən abituriyentlər üçün əlavə imkan yaratsa da, digər tərəfdən qəbul prosesində keyfiyyət prinsipini zədələyir. “Təhsil haqqında Qanun”da təhsilin əsas prinsiplərindən biri keyfiyyət və bərabərliyin təmin olunması kimi göstərilsə də, boş yerlərin ikinci mərhələdə aşağı balla doldurulması bu prinsipin pozulmasına səbəb olur.
Müsbət tərəfi ondan ibarətdir ki, əlavə seçim mərhələsi abituriyentlərə ikinci şans verir və boş qalan yerlərin müəyyən hissəsi doldurulur. Bu həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır, çünki imkansız ailələrdən olan, ilk mərhələdə uğur qazana bilməyən gənclər əlavə seçimlə universitetə daxil ola bilirlər. Amma bu mexanizm təhsilin strateji inkişafı baxımından problemin köklü həlli deyil. Əgər hər il minlərlə boş yer qalırsa, deməli, plan yerləri əmək bazarının tələblərinə uyğunlaşdırılmayıb”.
Ekspert bu mövzu ilə bağlı qeyd edib ki, dünya təcrübəsində bu məsələnin həlli üçün daha çevik modellər mövcuddur:
“Türkiyədə “ek yerleştirme” prosesi keçirilir, amma orada da bu mexanizm tədricən ixtisasların əmək bazarına uyğun optimallaşdırılması ilə müşayiət olunur. Almaniyada isə “Nachrückverfahren” adlı əlavə qəbul prosesi var, amma universitetlər eyni zamanda boş qalan yerlərin səbəblərini təhlil edir və gələcək illərin planlaşdırmasında düzəlişlər aparırlar. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir fundamental təhlil aparmır, abituriyentləri marifləndirmir, boş yerlərin yaranma səbəbləri ilə bağlı ictimaiyyətə açıq hesabat təqdim etmir. Nazirlik sadəcə rəqəmləri elan etməklə kifayətlənir, halbuki bu rəqəmlərin arxasında minlərlə gəncin gələcək taleyi dayanır”.
Təhsil üzrə ekspert açıqlamasında bildirib ki, balların dəyişməsi məsələsinə gəldikdə, mövcud yanaşma davam edərsə, hər il eyni mənzərə ilə üzləşəcəyik:
“Yüksək tələb olan ixtisaslarda yerlərin azlığı, az tələb olunan sahələrdə isə yüzlərlə boş yer. Bu, həm dövlət resurslarının səmərəsiz istifadəsinə, həm də əmək bazarında balanssızlığa gətirib çıxaracaq. Nə dəyişməlidir məsələsinə isə cavab aydındır: qəbul planı real əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, universitetlərdə ixtisasların siyahısı və yerlərin sayı illik proqnozlarla tənzimlənməli, abituriyentlər isə seçim mərhələsində geniş marifləndirilməlidir. Balların dəyişməsi ilə bağlı proqnozlar əvvəlcədən ictimaiyyətə açıqlanmalı, tələbələr riskləri real şəkildə görməlidir”.
Kamran Əsədov son olaraq açıqlamasında qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu sahədə ciddi boşluqlar buraxır:
“Nazirliyin nə konkret proqnozu, nə də gələcək planı var. Boş qalan yerlərin təhlili aparılmır, abituriyentlərə istiqamət verən maarifləndirmə kampaniyaları keçirilmir. Təhsil siyasətinin idarə olunması yalnız statistik rəqəmlərin elan olunması ilə bitir. Halbuki təhsil idarəçiliyi proqnozlaşdırma, planlaşdırma və nəticələrin ölçülməsi üzərində qurulmalıdır. Əks halda, hər il eyni problemlər təkrar olunacaq, gənclər yanlış seçimlər edəcək və nəticədə nə tələbə, nə universitet, nə də dövlət qazanmış olacaq. Bu yanaşma isə ölkənin insan kapitalının inkişafına birbaşa zərbə vurur”.
Ləman Mahmudlu
