00:00:00
Yazar
Admin User
26.05.2025 17:27 188 3 dəq oxuma
Dünya

Uqanda–Almaniya gərginliyi

Uqanda–Almaniya gərginliyi

Uqanda Almaniya ilə hərbi əməkdaşlığı dayandırdı. Uqanda hakimiyyəti Almaniyanın səfiri Matias Şaueri ölkənin daxili işlərinə qarışmaqda ittiham edərək, Berlinlə hərbi əməkdaşlığı dayandırdığını elan edib. Bu barədə məlumatı "Monitor" nəşri yayıb.

Nəşrin məlumatına görə, səfir həmçinin müxalifəti dəstəkləməkdə ittiham olunur.

 

"Monitor"un iddiasına görə, görüşlərin birində səfir Uqanda Müdafiə Qüvvələrinin rəisini sosial mediada onun reputasiyasına xələl gətirə biləcək qeyri-adekvat davranışına görə tənqid edib. Bu vəziyyət Uqanda ilə Almaniya arasında son illərin ən böyük diplomatik qalmaqallarından birinə çevrilib.

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, qeyd etmək lazımdır: Avropanın bir sıra aparıcı dövlətləri — Almaniya, Fransa və Böyük Britaniya — dünyanın müxtəlif bölgələrində, xüsusilə də Afrika ölkələrində maraqlarını təmin etmək məqsədilə həmin ölkələr üzərində təsir imkanlarını artırmağa çalışırlar:

 

"Bu dövlətlər Afrika ölkələrini müxtəlif yollarla özlərinə tabe etdirir, onların təbii sərvətlərini mənimsəyir və milli suverenliklərini məhdudlaşdırırlar. Bütün bunlar isə “demokratiya”, “insan haqları” və “azadlıq” kimi anlayışlar adı altında həyata keçirilir.

 

Qərb dünyası bu ideyaları bir vasitəyə çevirərək müxtəlif ölkələrin daxili işlərinə qarışır, həmin ölkələri təsiri altına salmağa cəhd edir. Bu baxımdan Almaniya ilə Uqanda arasında yaranmış son vəziyyət də qeyd olunan tendensiyanın bir hissəsi kimi qiymətləndirilməlidir. Artıq Afrikanın bir çox ölkəsi azadlıqlarını və müstəqilliklərini qorumaq niyyətindədir və xarici müdaxiləni qətiyyətlə rədd edir. Onlar xüsusilə Avropa dövlətlərinin — Fransa, Böyük Britaniya və Almaniyanın — daxili işlərinə qarışmasını yolverilməz sayırlar.

 

Təəssüf ki, bəzi hallarda həmin dövlətlərdə azadlıq və müstəqillik uğrunda mübarizə aparan qüvvələrə açıq dəstək verilir ki, bu da nəticədə dövlət çevrilişlərinə yol açır. Bu proseslər “demokratiyanın inkişafı”, “insan hüquqlarının qorunması” və “söz azadlığı” kimi şüarlarla pərdələnir. Əslində isə xalqın iradəsinə zidd olaraq Qərbin maraqlarına uyğun şəxslər hakimiyyətə gətirilir və bu şəxslər vasitə kimi istifadə olunurlar.

 

Hesab edirəm ki, Almaniyanın Uqandada müəyyən siyasi partiyaları, müxalif qüvvələri və konkret şəxsləri açıq şəkildə dəstəkləməsi həmin ölkənin daxili işlərinə birbaşa müdaxilədir. Bu, suverenliyə ziddir və xalqın iradəsinin pozulması anlamına gəlir. Belə bir yanaşma beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir və qəbuledilməzdir".

 

Politoloq əlavə edib ki, iki dövlət arasındakı münasibətlər — istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə — yalnız beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməlidir:

 

"Əgər Almaniya ilə Uqanda arasında hərbi əməkdaşlıq mövcuddursa, bu cür davranışlar təbii olaraq Uqanda tərəfindən qəbul edilmir. Nəticədə isə münasibətlərə yenidən baxılması qaçılmaz olur.

 

Ümumilikdə, Qərb dünyası, xüsusilə Avropa dövlətləri “sivilizasiya” adı altında bəşəriyyət üçün təhlükəli siyasət həyata keçirirlər. Onlar işğalçılıq məqsədlərini “demokratiya” və “insan hüquqları” kimi dəyərlərin arxasında gizlədərək reallaşdırırlar. Bu siyasətin nəticələrini biz SSRİ-nin dağılmasından sonra da müşahidə etdik. Həmin dövrdə müstəqil olmuş postsovet ölkələrinin daxili işlərinə oxşar şəkildə müdaxilə halları baş verib.

 

Sonda qeyd etmək istəyirəm ki, demokratiya və insan haqları anlayışları heç bir halda başqa ölkələrin daxili işlərinə qarışmaq, dövlət çevrilişləri həyata keçirmək və xalqın iradəsinə müdaxilə etmək üçün bəhanə kimi istifadə edilməməlidir. Belə addımlar həm beynəlxalq hüququn fundamental prinsiplərinə, həm də ümumbəşəri dəyərlərə ziddir".

 

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər