00:00:00
Yazar
Admin User
26.08.2025 13:30 108 2 dəq oxuma
Sosial

Uşaqlarda özünəinamın formalaşması valideyn və müəllimlərin diqqətində olmalıdır

Uşaqlarda özünəinamın formalaşması valideyn və müəllimlərin diqqətində olmalıdır

Müasir dövrdə uşaqların psixoloji inkişafı valideynlərin və müəllimlərin ən çox diqqət yetirdiyi mövzulardan biridir. Uşağın gələcəkdə sağlam şəxsiyyət kimi yetişməsi, sosial münasibətlərdə uğurlu olması və daxili gücünü düzgün istiqamətlə yönəltməsi üçün özünəinam mühüm rol oynayır.


Psixoloq Zeynəb Əyyubova bildirib ki, təəssüf ki, bir çox hallarda uşaqlarda özünəinamın zəifliyi müşahidə olunur və bu hal onların təhsilinə, dostluq münasibətlərinə, hətta gələcək peşə seçimlərinə qədər təsir göstərə bilir. Uşaqlarda özünəinamın zəif olmasının əsas səbəblərindən biri valideynlərin uşaqları başqaları ilə müqayisə etməsidir:


“Belə yanaşma uşaqlarda dəyərsizlik hissi yaradır. Səhvlərə qarşı daim sərt reaksiya göstərmək isə onların özünə güvənini sarsıdır. Eyni zamanda, emosional ehtiyacların qarşılanmaması uşağın özünü dəyərsiz hiss etməsinə səbəb olur. Daimi qorxu mühiti, məktəbdə zorakılıq, dostlar arasında rədd edilmə və istehza da özünəinamı azaldan mühüm amillər sırasındadır”.


Psixoloqun fikrincə, valideynlərin davranışı uşağın özünü dərk etməsi üçün güzgü rolunu oynayır:


“Dəstəkləyici və anlayışlı yanaşma uşağın uğursuzluqları təbii qəbul etməsinə və yeni cəhdlər etməsinə imkan yaradır. Həddən artıq müdaxilə isə müstəqil qərarvermə bacarığını zəiflədir. Uşağın hisslərinə həqiqi maraq göstərmək onun dəyərli olduğunu hiss etdirir”.


Z.Əyyubova tənqid və tərifin balanslı olmasının vacibliyini də xüsusi qeyd edib. Onun sözlərinə görə, şəxsi keyfiyyətlərə yönələn mənfi ifadələr (“sən bacarıqsızsan” və s.) uşağın özünü bütöv şəkildə mənfi dəyərləndirməsinə səbəb olur. Əksinə, davranışa yönələn və çıxış yolu göstərən konstruktiv tənqid uşağın inkişafına yardım edir:


“Həddindən artıq və əsassız tərif də uşağa zərər verə bilər. Belə halda uşaq daim başqalarının təsdiqini gözləyir. Amma səy, əməyə və irəliləyişə verilən tərif motivasiyanı artırır və özünəinamı gücləndirir”.


Mütəxəssis sonda vurğulayıb ki, sağlam özünəinamı olan uşaq gələcəkdə qarşılaşacağı çətinliklərə daha davamlı və inamlı yanaşır. Bunun üçün valideynlər və müəllimlər balanslı yanaşma göstərməli, sevgi, dəstək və konstruktiv tənqidlə uşaqların inkişafına töhfə verməlidirlər.


Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər